Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-3/2025 07.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respubliası DİN BDYPİ-nin 01 noyabr 2024-cü il tarixli, EQ 24469904 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respubliası DİN BDYPİ-nin 01 noyabr 2024-cü il tarixli, EQ 24469904 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixinədək onun etibarnamə ilə istifadəsində VAZ 21074 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki, həqiqətən də mülkiyyətçi X4 ona bir il müddətinə etibarnamə vermiş və bu əsaslada o, Vaz 21074 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edir. xx.xx.2024-cü il tarixdə onun adına yazılmış EQ 24469904 nömrəli inzibati xəta üzrə cərimə qərarından görünür ki, guya həmin tarixdə o, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və buna görə onun adına 400 (dörd yüz) manat cərimə yazılmışdır. Əvvəla o, qeyd olunan inzibati xətanı törətməmiş, hətta törətmiş olsa belə həmin cərimənin məbləği 400 manat yox, 20 manat olmalıdır. Məhkəmə iclasında iştirak edən X3 şikayətə uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona təqdim edilən sənədlərə əsasən o, inzibati xətanı törətməsini inkar etmir, sadəcə bildiyinə görə dayanma və ya durma qaydalarını pozmağa görə cərimə 50 manatdır, amma ona 400 manat yazmışlar və ona əsəsəndə dəbbə hesablanmışdır. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək səlahiyyətli nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Buna görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 01 noyabr 2024-cü il tarixli, EQ 24469904 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə “Vaz 21074” minik markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 400 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X1 şəhəri, N.Nərimanov küçəsində idarə etdiyi “Vaz 21074” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə durma qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin sanksiyasında 20 manat cərimə nəzərdə tutulduğu halda X3 həmin inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Bu baxımdan inzibati xəta haqqında qərardan şikayət vermiş Faiq Elyazovun şikayətində göstərdiyi dəlillərinin ətraflı araşdırılması zəruridir. Məhkəmə hesab edir ki, qərarın təsviri hissəsində göstərilən hallar aradırılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.1, 135.1.4 və 135.1.6-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 01 noyabr 2024-cü il tarixli, EQ 24469904 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 01 noyabr 2024-cü il tarixli, EQ 24469904 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-3/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-3/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver