Məhkəmə qərarları › İş №3(074)-307/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-307/2021

02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-307/2021 02.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 02.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında göstərdi ki, 27 iyun 2021-ci il tarixdə, saat 13:02-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı rayonu Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat verməsi göstərilmişdir. X7 27 iyun 2021-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə qohumları İsmayıl və Sübhanın onu döyməsini göstərməklə, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı 27 iyun 2021-ci il tarixdə Şəxs və X2 X1 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahatlar və MTE-nin 29 iyun 2021-ci il tarixli 194-195 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Elsəvər Mayılov onun qohumudur. 23.06.2021-ci il tarixdə Elsəvərin onun barəsində nalayiq sözlər deməsini eşitmiş, bu barədə o, xalası oğlu Sübhana bildirmiş, lakin Sübhan ona Elsəvərin elə bir insan olmadığını bildirmiş, bundan sonra o, heç bir söz demədən evinə getmiş, 27.06.2021-ci il tarixdə saat 12:15 radələrində Elsəvər Mayılov ona zəng edərək onların evinə gəlməyini xahiş etmiş, o, həyat yoldaşı Ayşən Mehralıyeva ilə birlikdə Elsəvər Mayılovun evinə gedərək, həyətlərinə daxil olan zaman Elsəvərin stulda əyləşdiyini görmüş, Elsəvər onu görən kimi həyətinə niyə hucum edirsən deyə qışqırmağa başlamış, cavab olaraq Elsəvər Mayılova sakit olmağını, ona zəng vurub niyə çağırmasını soruşmuş, lakin Elsəvər onu söyüb təhqir edərək “çıx həyətimdən” deyə bildirmiş, heç bir səbəb olmadan səs-küy salmışdır. Bu zaman xalasının oğlu Sübhan həyətə gələrək ondan nə baş verdiyini soruşmuş, olanları deyəndən sonra Sübhan onun qolundan tutaraq oradan uzaqlaşdırmışdır. Həmin zaman o, Elsəvər və anası Səmayəyə qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Elsəvəri döymədiyi halda ondan şikayət edilməsinin səsəbini açıqlaya bilmir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, İsmayıl və Sübhan onun qohumlarıdır. 27.06.2021-ci il tarixdə saat 12:30 radələrində İsmayıl və Sübhan onun yaşadığı ünvana gələrək həyətinə daxil olmuş, həmin vaxt o, ayağı sınıq olduğundan stulda oturmuş vəziyyətdə olmuş, onlar içəsi daxil olduqdan sonra onun üzərinə gəlmiş, İsmayıl ona bacısı haqqında nalayiq ifadələr işlətdiyini bildirmiş, o, isə cavabında ona deyilənlərin yalan olduğunu, bir aya yaxındır ki, ayağı sınıq olduğundan heç küçəyə belə çıxa bilmədiyini bildirmiş, İsmayıl onun ünvanına söyüş söyərək, “səni əzişdirərəm” deyə ona bildirmiş, o, İsmayıla söyüş söyməməsini, sakit olmasını bildirmiş, lakin İsmayıl inadla bacısı haqqında nalayiq ifadə işlətdiyini bildirib boğazından tutaraq onu boğmağa başlamış, ayağı sınıq olduğundan oturduğu stuldan yerə yıxılmış, bundan sonra İsmayıl onu söyüb təhqir edərək başına və bədəninin müxtəlif nahiyyələrinə yumruq və şillə vurmağa başlamış, həmin vaxtı anası Səmayə Mayılova ona kömək etmək istəyərkən Sübhan anasının yaxasından tutaraq sinəsindən iki yumruq vurmuş, İsmayıl və Sübhan həyətlərindən gedərkən yenidən onları söyərək, onu təkrar gəlib döyəcəkləri ilə hədələmişlər. Bundan sonra o, Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək məlumatmişdir. Onu ancaq İsmayıl vurmuş, Sübhan vurmamışdır. Hazırda Şəxs ilə barışmamışdır. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07.07.2021-ci il tarixli qərardan görünür ki, Şamaxı rayonu Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibinin olması əsası ilə qərarın surəti Şamaxı RPŞ-nin İTB-yə göndərilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 29.06.2021-ci il tarixli rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər döş qəfəsinin sol yarısının qançırları küt əşya təsirindən törənməklə kənar şəxs tərəfindən yetirilməsi mümkün olan, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin və şahidin izahatları, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar