Məhkəmə qərarları › İş №3(074)-310/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-310/2021

11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-310/2021 11.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 10.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verib bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli 2(006)-6287/2018 saylı icra sənədi üzrə Şəxs 02.10.2018-ci il tarixdən 25.01.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Borclu müəyyən aralarla ödənişlər etmiş, pandemiya dövründə işsiz olmuş, ödənişləri etsə də, məbləği az olmuşdur. Onun 2750 manat aliment borcu yaranmışdır. Şəxs hal-hazırda 700 manat ödəniş etmişdir. Odur ki, borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda Şəxs icra sənədi üzrə ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, işsiz olduğundan aliment borcundan maddi imkanı çatdığı qədər mütəmadi ödənişlər etmişdir. Bu gün də 700 manat məbləğində ödəniş etmişdir. Qalan aliment borcunu isə hər ay ödəyib bitirəcəkdir. Borcunun bu vəziyyətdə yığılmasının səbəbi isə pandemiya ilə əlaqədar işləməməsi olmuşdur. Hazırda isə iş tapmış və aşpaz kimi işləyir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli 2(006)-6287/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 02.10.2018-ci il tarixdən 25.01.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 23.11.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli könüllü icra barədə bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli 2(006)-6287/2018 saylı icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 17.03.2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, X6 10.08.2021-ci il tarixdə Şəxs 700 manat məbləğində aliment pulunu almışdır. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə borcunu ödəməyə çalışmışdır. Hətta 10.08.2021-ci il tarixdə 700 manat ödəniş etmişdir. Göründüyü kimi, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar