Məhkəmə qərarları › İş №3(074)-32/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-32/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-32/2023 10.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verib bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-6287/2018 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 4822 manat borcu vardır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 700 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, yaranmış aliment borcundan boyun qaçırmır, sadəcə hər dəfə gəlib Şamaxı rayon İcra Probasiya şöbsəində aliment borcunu ödəniş etdikdən sonra uşağı ona göstərəcəklərinə söz versələrdə, buna əməl etməmişlər, artıq 4 ildən yuxarıdır ki, uşağını görmür, ona görə də aliment borcunu ödəməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin Bakı şəhərində iş olanda müxtəlif şadlıq evlərində aşbaz işləyir. Aylıq qazancı 400 manat təşkil edir. O, alimentin ödənilməsindən imtina etmir. Əsas alimenti ödəməməyinin səbəbi uşağı ona göstərmədikləridir. Məhkəmədən xahiş edir ki, ona şərait yaradılsın, borcunu hissə-hissə ödəniş etməyində köməklik etsin. Hal-hazırda o aliment borcundan 300 manat ödəniş etməyə imkanı vardır. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs borcunun ödənilməsindən imtina etmir. Maddi imkanı çatan qədər çalışıb borcunu hissə-hissə ödəyərək bitirəcəkdir. Hesab edir ki, qalan aliment borcunun ödənilməsi üçün ona şərait yaradılmalıdır. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-6287/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli qərarların surətlərindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Fərdi qaydada fəaliyyət göstərən Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs dövlət hesabına 2 saat hüquqi yardım göstərməsinə görə 12 (on iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Fərdi qaydada fəaliyyət göstərən Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs dövlət hesabına 2 saat hüquqi yardım göstərməsinə görə 12 (on iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar