Məhkəmə qərarları › İş №3(074)-321/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-321/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-321/2021 25.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 25.08.2021-ci il tarixli, MN 11053183 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verib bildirdi ki, 4 saylı Ərazi Vergilər İdarəsinin 06.07.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 20327,03 manat vergi, faiz və maliyyə sansiyası tutulmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Lakin Şəxs borcunu ödəməmiş, əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, onun barəsində axtarış elan edilmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hal-hazırda Şəxs icra sənədi üzrə 20327,03 manat ödənilməmiş borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, onun elə bir borcu yoxdur. Barəsində olan vergi borcundan məlumatı yoxdur. Onun adına hər-hansı bir VÖEN-nin olmasından vergi ödəyidicisi olmağından xəbəri olmayıb. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 4 saylı Ərazi Vergilər İdarəsinin 06.07.2021-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs ümumilikdə 20327,03 manat vergi faiz və maliyyə sansiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 4 saylı Ərazi Vergilər İdarəsinin 07.04.2021-ci il tarixli **********118600 nömrəli qərarı 06.07.2021-ci il tarixdən icraya yönəldilmişdir. İş materiallarından görünür ki, icra sənədi üzrə 07.07.2021-ci il tarixdə icraata başlanılmış və Şəxs 4 saylı Ərazi Vergilər İdarəsinin 06.07.2021-ci il tarixli icra sənədinin icrasını könüllü olaraq təmin etməsi təklif edilmişdir. Şəxs qərarı qəbul etmişdir. İş materiallarından görünür ki, 13.07.2021-ci il tarixli bildirişlə Şəxs 4 saylı Ərazi Vergilər İdarəsinin 06.07.2021-ci il tarixli icra sənədinin icrasını könüllü olaraq təmin etməsi təklif edilmişdir. Şəxs bildirişi qəbul etmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında 02 avqust 2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinin 02.08.2021-ci il tarixli, 2260 saylı məktubunun surətindən görünür ki, Şəxs ünvan 1 ünvanında qeydiyyatda qeydiyyatda olsa da, hal-hazırda həmin ünvanda yaşamır. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 avqust 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar