Məhkəmə qərarları › İş №3(074)-330/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-330/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-330/2025 04.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanuni təmsilcisi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən 10206 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixində avans olaraq olkə xaricinə köçürülmüş və 2 il müddət keçsə də, 10206 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi (qanuni təmsilçisi) X4 izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra Mərkəzi Bank) tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol anlaşılmazlığın nəticəsində tərtib edilmişdir. Protokol barədə məlumat əldə etdikdən sonra köçürməni həyata keçirən və materialları Mərkəzi banka göndərən "xxxx" ASC-yə müraciət olunmuş və tərəfimizdən sənədlərin təqdim edilməsi qeyd edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, 19846 nömrəli məktub hazırlanaraq Şəxs rəhbərliyinə təqdim edilmişdir. Həmin məktubu və təhvil-təslim aktını elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişik. Yuxarıda göstərilənlərə nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, Mərkəzi bankın nümayəndəsi Nümayəndə2 elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda, həmin ərizədə qeyd edilmişdir ki, iş materiallarında olan akt "xxxx" ASC tərəfindən qəbul edilmiş və xx.xx.2023-cü il tarixli 10206 Avro məbləğində avans köçürməsinə müvaifq olaraq bağlanmışdır. Bununla bağlı məlumat Mərkəzi Banka mail vasitəsilə təqdim edilmişdir. Bütün bunları nəzərə alaraq, Şəxs barəsində tərtib edilmiş EP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə təqdim edilən ərizəni və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin etiraz etməməsini nəzərə alaraq işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10.00 AZN təşkil edir, qanuni təmsilçi X3r. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, KB-244/2-1521/2025 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədlər Mərkəzi Banka təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırından görünür ki, Şəxs 10206,00 (on iki min iki yüz altı) Avro məbləğində pulun xaricə köçürülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli hesab fakturadan (invoice) görünür ki, “İnternational Bureau of Fiscal Documentation” şirkəti tərəfindən 10206 (on iki min iki yüz altı) Avro məbləğində xidmət haqqının köçürülməsi üçün hesab təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, Şəxs tərəfindən 6 nəfər iştirakçı üçün sifariş olunmuş təlim xidmətləri “İnternational Bureau of Fiscal Documentation” şirkəti tərəfindən video dərslər (online) formatda həyata keçiriləcəkdir. İş materiallarında olan "xxxx" ASC-inn xx.xx.2025-ci il tarixli, 19846 nömrəli məktubundan görünür ki, Şəxs (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixində “İnternational Bureau of Fiscal Documentation” şirkətinin xeyrinə aparılmış ödənilmiş 10206 (on min iki yüz altı) Avro avans ödənişi xx.xx.2025-ci il tarixində təqdim olunmuş aktla tam bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İFBD/0523 saylı təhvil-təslim aktından (act of handover) görünür ki, sifariş olunmuş təlim xidmətləri həyata keçirilmişdir və sifarişçiyə təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Məhkəmə iş hallarını tam, hərtərəfli və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən 6 nəfər iştirakçıya müvafiq təlimlərin keçirilməsi ilə əlaqədar Nederlandiya Krallığı, Amsterdam şəhərində fəaliyyət göstərən “İnternational Bureau of Fiscal Documentation” şirkətindən təlim xidmətlərinin alınması məqsədilə köçürmələr aparmış, həmin köçürmələr hesabına əldə olunan xidmətlər Şəxs tərəfindən qəbul olunmuşdur. Bu fakt Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, İFBD/0523 saylı təhvil-təslim aktından (act of handover), eləcədə iş materiallarında olan müqavilə, hesab-faktura və ödənişin təyinatını, məbləğini və alınan xidmətlər barədə məlumatı özündə əks etdirən digər sənədlərlə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə, Şəxs tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin mövcud olmaması qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən pulun müqabilində xidmətlərin alınmaması (idxal edilməməsi) kimi hərəkətlər edilmədiyindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu baxımdan Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Təlim Konsaltinq və X1” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53, 114.1.4, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar