Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-332/2025 06.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin hüquq şöbəsinin rəisi, 2-ci dərəcəli müfəttiş Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********4151 nömrəli qərarı ilə vergi ödəyicisi Şəxs (VÖEN: **********) məxsus AZ5602, Şamaxı rayonu, Şamaxı şəhəri, Nəriman Nərimanov ünvanında yerləşən “Avtoehtiyyat hissələri mağazası” adlı təsərrüfat subyektində (obyekti) Vergi Məcəlləsinin 50.1.3-cü, 50.1.11-ci və 50.1.13-ci maddələrinə əsasən “nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması”, “nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunması” və malların bu Məcəllənin 58.8-cı maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə- faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə operativ vergi nəzarəti tədbiri həyata keçirilməsi qərara alınmışdır. Yoxlamanın keçirilməsi barədə qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaları vahid reyestri”nə xx.xx.2025-ci il tarixdə KY252332845 nömrə ilə daxil edilmişdir. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi məqsədi ilə yoxlayıcılar vergi ödəyicisi Şəxs (VÖEN: **********) məxsus AZ5602, Şamaxı rayonu, Şamaxı şəhəri, Nəriman Nərimanov ünvanında yerləşən “Avtoehtiyyat hissələri mağazası” adlı təsərrüfat subyektinə daxil olan zaman Şəxs yoxlayıcılara obyektə baxış keçirilməsinə maneçilik törədərək onları obyektdən çıxarmış və obyektin qapısını bağlamışdır. Buna görədə Şəxs barəsində yoxlamanı həyata keçirən yoxlayıcılar tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi (Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması) əsasında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilməsini qeyd etsə də, etdiyi əməli yoxlama nəticəsində barəsində tətbiq olunacaq (ehtimal olunan) maliyyə sanksiyalarını ödəyə bilməməsi ilə əlaqələndirərək barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli, **********4151 nömrəli qərarın icrası ilə bağlı Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən “Avtoehtiyyat hissələri” mağazasında operativ vergi nəzarətinin keçirilməsinə Şəxs tərəfindən şərait yaradılmamış, maneçilik törədilmiş, izahat verilmədən obyekt bağlanılaraq ərazi tərk edilmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********4151 nömrəli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Şəxs (VÖEN: **********) məxsus obyektdə yoxlama keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyetsrindən xx.xx.2025-ci il tarixli Çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, **********4151 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əsasən keçirilməsi nəzərdə tutulmuş yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, mağazada operativ vergi nəzarətinin keçirilməsinə Şəxs tərəfindən şərait yaradılmamış, maneçilik törədilmiş, izahat verilmədən obyekt bağlanılaraq ərazi tərk edilmişdir. Şəxs maneçilik törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi əsasən inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə şifahi məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-21-2-11/2-29556/2025 saylı məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında həmin protokol tanış olması üçün Şəxs göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Haməni Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən fiziki şəxslər də vəzifəli şəxslər hesab edilirlər. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 602.4-cü maddəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №3(074)-332/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-332/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver