Məhkəmə qərarları › İş №3(074)-341/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-341/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-341/2021 16.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 16.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs 15.09.2021-ci il tarixdə saat 23:00 radələrində sərxoş vəziyyətdə Şamaxı rayonu, Quşçu kəndində yarı çılpaq vəziyyətdə yüksək səslə ondan şikayət edən qohumlarının ünvanına nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Həmin vaxt Şəxs ayıq olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 15.09.2021-ci il tarixdə yaşadığı kənddə bacısı gilə çörək yeməyə getmiş, çörək yiyərək bir qədər spirtli içki qəbul etmişdir. Daha sonra bacısı gildən çıxaraq yaşadığı evə tərəf getmiş, yaşadığı evə çatanda qaynatası Tarix işlətdiyi çayxanadan çölə çıxaraq ona qarşı nalayiq söyüşlər söyməyə başlamışdır. O, da qaynatası Tarixə bildirmiş ki, nəyə görə onu söyür, Tarix ona bildirmişdir ki, sən çayxanaya gələn şəxsləri qoymursan. Tarixə ayıbdır, söyüş söyməməsini bildirmişdir. Qaynatası Tarix ilə söhbət edərkən oğlu Kənan ona əl atmış, qaynatası Tarix dəmir ilə onu vurmuşdur. Tarix onunla mübahisə edərkən əynində olan köynəyi sökülmüş, o orada olarkən qaynatasının anası Səbirə adlı qadın onu özü ilə evlərinə aparmış ki, yoldaşını və uşaqları oradan götürsün, oda Səbirə adlı qadınla getmiş, Səbirəgilin evinə çatdıqda onlar ona evə daxil olmağını bildirmişlər, lakin onun əynində köynəyi olmadığı üçün evə daxil olmamış, sonra Tarix evə gələk onunla mübahisə etməyə başlamışdır, onlar orada olarkən təxminən 20 dəqiqə sonra polis əməkdaşları yanlarına gələrək özlərini təqdim edib onu nizam intizama dəvət edərək söyüş söyməməsini və ictimai qaydanı pozmamasmı tələb etsələrdə o, polis işçilərinin tələblərinə tabe olmayaraq küçədə yenidən söyüş söyməyə davam etmişdir. Etdiyi əməldən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Şamaxı RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı Ramil Cavadov tərəfindən tərtib edilmiş 15.09.2021-ci il tarixli raportdan görünür ki, 15.09.2021ci il tarixdə saat 22:09 radələrində Şamaxı rayonu Quşçu kənd sakini X1 Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng vuraraq Şahbalanın onu döyməsi barədə məlumat verməsi göstərilmişdir. Həmin məlumat əsasında dərhal əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə Şamaxı rayonu, Quşu kəndinə getmiş, onlar ünvana çatan zaman adını sonradan bildikləri Şəxs küçədə yarı çılpaq vəziyyyətdə yüksək səslə küçə söyüşləri söydüyunu eşitmişlər. Onlar ona yaxınlaşaraq onu nizam intizama dəvət edərək söyüş söyməməsini bildirib, onu sakitləşdirmək istəmişlər. Şəxs onların onu sakitləşdirməsinə baxmayaraq yenidən küçədə ondan şikayət edən qohumlarının ünvanına nalayıq söyüşlər söyərək öz hərəkətlərini davam etdirmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrini kobud surətdə pozduğundan ona əyninə paltar geyinməklə polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət olundu. Şəxs əyninə paltar geyinməyə etiraz edərək yarıçılpaq vəziyyətdə onlarla rayon polis şöbəsinə gəlmış, rayon polis şöbəsində həmin şəxsin spirtli içki qəbul etdiyi məlum olmuşdur. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 15.09.2021-ci il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1,253 promildir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 15.09.2021-ci il tarixli BB № 018976 nömrəli protokoldan görünür ki, 15.09.2021-ci ildə inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən, sərxoş vəziyyətdə inzibati xətanı törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 sentyabr 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar