Məhkəmə qərarları › İş №3(074)-35/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-35/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-35/2023 23.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən X5 və Şamaxı rayonu Yol Patrul Xidmətinin baş inspektoru X2 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı Rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru X3 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü İnzibati tənbeh vermə haqqında qərara əsasən, X5 xx.xx.2023-cü il tarixdə, saat 15:20-də Şamaxı şəhəri, Şəhriyar küçəsində “VAZ 21013 minik” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və X4 barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. X5 şikayət verərək, İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “VAZ 21013” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisidir. xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomobil ilə Şamaxı şəhəri, Şirvan küçəsində hərəkətdə olarkən, ondan qabaqda eyni yolda hərəkət edən “Toyota” markalı digər minik avtomobili ilə toqquşmuşdur. “Toyota” markalı avtomobil dönmə işığını yandırmadan, ani vəziyyətdə aldadıcı manevrlər edərək, sürətini kəskin azaldıb gözlənilmədən yol hərəkət qaydalarını kobud şəkildə pozaraq, qoşa xəttin üstündən sola dönmüşdür. Belə çətin vəziyyətdə onun idarə etdiyi avtomobilin qarşıdakı “Toyota” markalı avtomobilə arxadan dəyməməsi üçün sürəti kəskin azaldaraq, ani vəziyyətdə sol tərəfdəki boşluğa doğru hərəkət etmiş və bu zaman “Toyota” markalı avtomaşının sol qabaq hissəsi onun idarə etdiyi avtomobilin qabaq sağ qapısını əzmişdir. Sonradan ona məlum olmuşdur ki, baş vermiş avtoqəza hadisəsinin bütün günahını onun üzərinə qoyub, İXP ******* nömrəli protokol əsasında, TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib, 100 manat cərimə edilmişdir. Göründüyü kimi, Şamaxı Rayon DYP əməkdaşı aldadıcı manevrlər etməklə qoşa xətti tapdalayıb, sola dönməklə qəza şəraiti yaradan “Toyota” markalı avtomobilin sürücüsündə təqsir bilməmiş və əsassız olaraq yalnız onu günahkar hesab etmişdir. Ona təqdim olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı tam əsassız hesab edir və qərar həqiqəti əks etdirmir. Ona görə də bu qərar ləğv olunmalıdır. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək, İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Şamaxı rayonu Yol Patrul Xidmətinin baş inspektoru X3 şikayəti əsassız hesab edərək, tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “VAZ 21013” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü avtomobili idarə edərkən, üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsində göstərilir ki, İ. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. İİ. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. İİİ. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. İV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. V. Ötmə: nizamlanan yolayrıclarında əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); piyada keçidlərində piyadalar olduqda; dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; ötən və ya yanından keçən nəqliyyat vasitəsini; yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində əks istiqamətli hərəkət zolağına çıxmaqla; tunellərdə qadağandır. Vİ. Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır. Vİİ. Qarşılıqlı keçmə çətinləşən hallarda hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X4 avtomobili idarə edərkən, üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, şikayət isə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar