Məhkəmə qərarları › İş №3(074)-363/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-363/2021

03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-363/2021 03.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X7 iştirakları ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 15 aprel 2021-ci il tarixli MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş 15 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 06 saylı RETSİ-nin MN ******* saylı 15 aprel 2021-ci il tarixli qərarını 15 oktyabr 2021-ci il tarixdə almış və qərara əsasən, o, İXM- nin 253.5.2-ci maddəsinə görə, 300 manat cərimə olunmuşdur. Həmin qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, 2021-ci ilin fevral ayının sonunda atasına məxsus 12 baş iri buynuzlu heyvanları Mədrəsə qəsəbəsində olan örüş sahəsinə apararkən, Bakı-Yevlax yolunun, dairəyə yaxın hissəsində hərəkətdə olarkən, Şamaxı rayon PŞ-nin əməkdaşları ona yaxınlaşaraq heyvanların oradan uzaqlaşdırılmasını tələb edərək, kobud sözlər işlətmişlər və nəticədə heyvanlar nəzarətsiz qalmış və bir anlığa ağaclara tərəf getmişlər. Sonradan polis şöbəsinə dəvət edilmişlər və cərimə ödəməkləri tələb olunmuş və o imtina etmişdir. Sonradan onu Şamaxı rayon İcra və Probasiya şöbəsinə dəvət etmişlər və bildirmişlər ki, 300 manat cərimə olunub. Hal bu ki, heyvanlar ağaclara heç bir ziyan vurmamışlar, yolun kənarı ilə hərəkətdə olmuşlar və bilərəkdən hər hansı bir qəsd olmamışdır. Bundan əlavə inzibati protokol tərtib edilməmiş, inzibati xəta haqqında işə baxılarkən, ona rəsmi bildiriş gəlməmiş və günahı faktiki olaraq sübuta yetməmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 22 fevral 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X10 izahat verərək bildirdi ki, Şamaxı rayon Polis şöbəsinin inzibati xəta haqqında MN ******* saylı protokoluna əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən 15.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdir. Qərara əsasən X4 fiziki şəxs qismində Azərbaycan Respublikası İXM-nin 253.5.2-ci maddəsi ilə 300 manat məbləğində inzibati cərimə edilmişdir. Odur ki, şikayətin təmin olunmamasını məhkəmədən xahiş edirəm. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 15 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXMnin 253.5.2-ci maddəsi ilə 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 28 feval 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, yaşıllıqların zədələnməsi səbəbindən X5 barəsində tərtib edilmiş 28.02.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsas götürülərək X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətdiyi üçün 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 28.02.2021-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokol tərtib edilərkən X3 hüquq vəzifələri izah edilməmiş, onun izahatı alınmamış, protokol bir tərəfli qaydada tərtib olunaraq şahidlərin iştirakı, həmçinin 15.04.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən də X3 iştirakı təmin olmamış, həmçinin X5 tərəfindən göstərilən inzibati xətanın törədilməsinin hansı sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 inzibati protokol tərtib edilərkən, barəsində inzibati icraat aparılarkən, bununla bağlı qərar qəbul edilərkən səlahiyyətli şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100cü maddəsinin tələblərinə riayət olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında protokolda göstərilməlidir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında da müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan şəxs X3 İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş, yuxarıda qeyd edilən hüquqları təmin edilməmiş, izahatı alınmamış işin baxılma yeri və vaxtı barədə ona məlumat verilməmiş, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmamışdır. Beləliklə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2021ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilələrə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 134-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar