Məhkəmə qərarları › İş №3(074)-369/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-369/2021

06.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-369/2021 06.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 06.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs 05.11.2021-ci il tarixində saat 13:30 radələrində Şamaxı rayonu, Çöl Bağırlı kəndində X6 ilə mübahisə edərək uca səslə qışqıraraq küçədə nalayiq söyüşlər söymüş, həmin vaxt xidməti ərazisində olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi İlham Nəcəfov onları sakitləşdirmək istəsə də, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. O, sahə rəisi İlham Nəcəfovu əli ilə itələyərək gedib işi ilə məşğul olmasını bildirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 05.11.2021-ci il tarixində övladının bir yaşı olduğundan ona ad günü qeyd etmək niyyəti ilə qohumlar arasında şənlik təşkil etmiş və həmin şənliyə yaxın qohumlarını dəvət etmişdir. Orada onun əmisi oğlu X4 işitrak etmiş, həyətdə olan zaman onların arasında mübahisə yaranmış və mübahisəni başqa şəxslər eşitməməsi üçün o, Amili küçəyə çıxartmışdır. Küçədə olan zaman onlar mübahisə edərkən özündən aslı olmayan səbəblərdən söyüş söyməyə başlamışdır. Həmin vaxt ərazinin sahə rəisi İlham Nəcəfov onları görüb yaxınlaşmış, nə üçün mübahisə etdiklərini soruşduqda o, əsəbi olduğundan onlara qarşımamasını, gedib işi ilə məşğul olmasını ona söyləmiş, lakin İlham Nəcəfov onları sakitləşdirmək istəyərkən əsəbi olduğundan və özündən aslı olmayan səbəblərdən söyüş söyməyə başlamışdır. İlham Nəcəfov onu polis şöbəsinə aparacağını söylədikdə onunda üzərinə qışqırmışdır. Aralarında mübahisə yaranmış və İ.Nəcəfov kənara çəkilərək kiməsə zəng etmiş, o zəng edən zaman polislərin gələcəyini bildiyi üçün bir qədərdə əsəbləşmiş, lakin dava dalaş etməmiş, daha sonra polis işçiləri ora gələrək onları RPŞ-nə gətirmişlər. Etdiyi əməldən peşmandır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi İlham Nəcəfov tərəfindən tərtib edilmiş 05.11.2021-ci il tarixli raportdan görünür ki, 05 noyabr 2021-ci il tarixində təxminən 13:30 radələrində xidməti ərazisi olan Şamaxı rayon Çöl Bağırlı kəndində xidmətdə olan zaman kənd istiqamətində avtomobil idarə edərkən yol kənarında sonradan adları ona məlum olan X5 ilə X2 mübahisə etdiklərini görüb onlara yaxınlaşmışdır. Həmin vaxt Şəxs uca səslə qışqırdığını və küçədə nalayiq söyüşlər söydüyünü görmüş, onu sakitləşdirməyə cəhd etsə də vətəndaş polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərinə davam edərək onun işinə qarışmamasını, gedib işi ilə məşğul olmasını ona söyləmişdir. O, yenidən onu sakitləşdirmək istəmiş, ictimai yerdə söyüş söyməməsini ondan tələb etsədə vətəndaş Şəxs öz qanunsuz hərəkətlərinə davam etdiyindən və ətrafda olan vətəndaşların narazılığına səbəb olduğundan o bu barədə PŞ-nin növbətçi hissəsinə məlumat vermiş, PŞ-nin əməkdaşları oraya gəldikdən sonra həmin şəxslər RPŞ-nə gətirilmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında 06.11.2021-ci il tarixli BB № 018979 nömrəli protokoldan görünür ki, 06.11.2021-ci ildə inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlindən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 06 noyabr 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar