Məhkəmə qərarları › İş №3(074)-371/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-371/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-371/2025 25.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayət verən - X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 08:54 radələrində idarə etdiyi “Volkswagen Crafter mikroavtobus” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 401-ci km-də, Şəmkir rayonu, Dəllər qəsəbəsində hərəkətdə olan zaman, yol-patrul xidmətinin inspektoru onu saxladıb, onun qanunsuz sərnişindaşınma ilə məşğul olmasını bildirmişdir. Lakin, o, avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin müntəzəm hər ay aldığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə növbəti buraxılış vəsiqəsini almaq üçün 102 manat məbləğində dövlət rüsumunu ödəmiş və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi buraxılış vəsiqəsi almışdır. xx.xx.2025-ci il tarixdə həmin buraxılış vəsiqəsi evdə qalmış və o, polis əməkdaşından elektron sistemə baxmasını xahiş edərək, buraxılış vəsiqəsinin mövcud olmasını bildirmişdir. Buna baxmayaraq, polis əməkdaşı onun barəsində qeyri-qanuni olaraq inzibati tənbeh qərarı qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqan Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara 381773 nömrəli buraxılış kartından görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixədək X2 “Volkswagen Crafter mikroavtobus” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkədaxili sərnişin daşınmasına icazə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 08:54-də Bakı- Qazax yolunun 401 km-də “Volkswagen Crafter mikroavtobus” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, buraxılış kartı olmadan yük və qeyrimüntəzəm sərnişin daşımışdır. Nəticədə, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından göründüyü kimi, sürücü X1 idarə etdiyi “Volkswagen Crafter mikroavtobus” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ölkədaxili sərnişin daşınmasına icazəsinin olmasına dair buraxılış kartı mövcud olduğu halda, əsassız olaraq barəsində həmin qaydaların tələblərinin pozulması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən göstərilmiş dəlillər əsaslı olduğundan, şikayət təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar