Məhkəmə qərarları › İş №3(074)-377/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-377/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-377/2024 31.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 10 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və cərimənin silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" ASC-nin 2 saylı Regional Sukanal idarəsinin Şamaxı sahəsinin rəisi vəzifəsində işləyir. İşlədiyi idarənin nəzdində olan su anbarları günün tələblərinə cavab verən anbarlardır və müasir su qurğuları ilə təmin olunmuşdur. 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublik Gigiyena və Epidemiologiya Mərkəzindən idarələrinə inzibati tənbeh vermə barədə qərar daxil olmuşdur. Qərarda göstərilir ki, guya idarənin istifadəsində olan Muğanlı və Günəşli su anbarlarında yoxlama keçirilmiş və müəyyən olmuşdur ki, suyun keyfiyyəti müasir tələblərə cavab vermir və buna görədə idarənin vəzifəli şəxsi kimi barəsində beş yüz manat inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. O, bu cəriməni əsassız hesab edir. Birincisi, içməli su anbarları qorunan obyektlərdir. Bura hər kəs daxil ola bilməz. Hətta istənilən yoxlamalar da onların icazələri və iştirakları olmalıdır. Amma göstərilən tarixlərdə bu su anbarlarında hər hansı yoxlama olmamışdır. Mərkəzin labaratorayaya təqdim etdiyi suyun mənşəyi onlara məlum deyil. Su nümünələri onların iştirakları ilə götürülməli və onların iştirakıları ilə yoxlamadan keçməlidir. Tam əmin olmalıdır ki, yoxlanılan su onların anbarlardan götürülən sudur. Kiminsə qərəzli mövqedən hərəkət edərək onların iştirakları olmadan su nümunəsi götürməsi və labaratoriyada müayinə etməsini onlar qanunsuz bir hərəkət hesab edirlər. Əgər doğrudan yoxlamaq istəyirlərsə qanuni şəkildə bu yoxlamada onlarında də iştirakları təmin olunmasını istəyirlər. Nə qədər ki, bu yoxlamada onların iştirakları yoxdur, yoxlamanın nəticəsini qanunsuz və əsassız hesab edirlər və barələrində də tətbiq olunmuş inzibati tənbeh etməyə dair qərarın ləğv olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və cərimənin silinməsini xahiş etdi. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024-cü ildə götürülmüş su nümunələrində koli-indeks Muğanlı su anbarı üçün “210”, Günəşli su anbarı üçün “4” olmuşdur ki, bu da Dövlət standartlarına cavab vermir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 265.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, xx.xx.2024-cü ildə götürülmüş su nümunələrində koli-indeks Muğanlı su anbarı üçün “210”, Günəşli su anbarı üçün “4” olmuşdur ki, bu da Dövlət stanrtlarına cavab vermir. Vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 265.2-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2024cü ildə Şamaxı rayonunu mərkəzləşdirilmiş su təchizatı şəbəkəsindən (Muğanlı kəndi, Muğanlı su anbarının çıxışı və Günəşli kəndi, Günəşli su anbarının çıxışı) illik iş planına əsasən, dövlət sanitariya nəzarəti qaydasında götürülüb “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-ə təqdim olunmuş 2 su nümunəsi orqanoleptik, kimyəvi və bakterioloji göstəricilərdən bağırsaq çöpləri qrupu bakterialarının sayı (koli-indeks) normadan çox olaraq dövlət standartlarının tələblərinə cavab verməmişdir. İş materiallarında olan aktdan görünür ki, xx.xx.2024-cü il saat 11:40-da Muğanlı su anbarından qidalanan su kranından (Fətəliyev Nahidin həyətindən) sanitariya-kimyəvi və bakterioloji müayinə üçün hərəsindən 0,5 litr olmaqla su nümunəsi götürmüşlər. İş materiallarında olan Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən "xxxx" ASC 2 №-li Regional Su kanal İdarəsi Şamaxı Sahəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 115 №-li məktubdan görünür ki, illik iş planına əsasən, dövlət sanitariya nəzarəti qaydasında Şamaxı rayonunun mərkəzləşdirilmiş su təchizatı şəbəkəsindən (Muğanlı kəndi, Muğanlı su anbarının çıxışı və Günəşli kəndi, Günəşli su anbarının çıxışı) xx.xx.2024-cü il tarixində götürülüb “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-ə təqdim etdiyimiz 2 su nümunəsi orqanoleptik, kimyəvi və bakterioloji göstəricilərinə görə laboratoriya müayinəsinə cəlb olunmuşdur. Müayinə olunmuş içməli su nümunələrinin orqanoleptik və kimyəvi göstəriciləri norma səviyyəsində olduğu halda bakterioloji göstəricilərdən bağırsaq çöpləri qrupu bakterialarının sayı (koliindeks) normadan çox olaraq dövlət standartlarının tələblərinə cavab verməmişdir. Qeyd edilən qeyri-kafi laboratoriya müayinə nəticələri ilə əlaqədar olaraq, əhaliyə verilən içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməsi istiqamətində malik olduğunuz resurslardan istifadə edib təcili tədbirlər görməyiniz və bu barədə Şamaxı Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verməyiniz vacibdir. Nəzərə çatdırılmışdır ki, əhaliyə verilən içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməsi istiqamətində müvafiq işlər görülməzsə tərəflərindən qanuna uyğun şəkildə tədbirlər görüləcək. İş materiallarında olan Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən "xxxx" ASC 2 №-li Regional Su kanal İdarəsi Şamaxı Sahəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 119 №-li məktubdan görünür ki, illik iş planına əsasən, dövlət sanitariya nəzarəti qaydasında Şamaxı rayonunun mərkəzləşdirilmiş su təchizatı şəbəkəsindən (Muğanlı kəndi, Muğanlı su anbarının çıxışı və Günəşli kəndi, Günəşli su anbarının çıxışı) xx.xx.2024-cü il tarixində götürülüb “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-ə təqdim etdiyimiz 2 su nümunəsi orqanoleptik, kimyəvi və bakterioloji göstəricilərinə görə laboratoriya müayinəsinə cəlb olunmuşdur. Müayinə olunmuş içməli su nümunələrinin orqanoleptik və kimyəvi göstəriciləri norma səviyyəsində olduğu halda bakterioloji göstəricilərdən bağırsaq çöpləri qrupu bakterialarının sayı (koliindeks) normadan çox olaraq dövlət standartlarının tələblərinə cavab verməmişdir. Qeyd edilən qeyri-kafi laboratoriya müayinə nəticələri ilə əlaqədar qanunamüvafiq şəkildəŞamaxı Gigiyena və Epidemiologiya Mərkəzi olaraq xx.xx.2024-cü il tarixində Azərsu ASC-nin Şamaxı sahəsinin inzibati binasında sanitariya müayinə aktı və həmin aktın əsasında Azərbaycan Respublikası İXM-nin 265.2-ci maddəsini əsas götürərək “İnzibati xəta haqqında protokol (MN № 1513285) tərtib olunub. Şamaxı GEM-də “İnzibati tənbeh vermə haqqında" Qərar qəbul edilmişdir. Nəzərə çatdırılmışdır ki, qəbul edilmiş“İnzibati tənbeh vermə haqqında” Qərarı icra etməkləri, içməli suyun orqanoleptik, kimyəvi və bakterioloji göstəricilərinin dövlət standartlarının tələblərinə cavab verməsi istiqamətində işləri bitirdikdən sonra Şamaxı rayon GEM-nə məlumat verməkləri vacibdir. İş materiallarında olan “su nümunələrinin bakterioloji müayinəsi” haqqında xx.xx.2024-cü il taixli 1939-1940 nömrəli protokolun surətindən görünür ki, xx.xx.2024-cü ildə götürülmüş su nümunələrində Muğanlı su anbarı üçün “210” və Günəşli su anbarı üçün “4” olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, 10 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə cəlb edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi təmin edilməmiş, tərtib edilmiş protokol onun tərəfindən imzalanmamış və bunun səbəbi barədə protokolda heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı protokolda göstərilməlidir 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları baradə məlumatlar inzibati xətanın törədilməsi haqqında protokolda göstərilməlidir. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar iş üzrə ətraflı araşdırma aparılmadan qəbul edilmiş, inzibati araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməmişdir. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Belə olan halda məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.6-ci maddəsinə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 265.2-ci maddəsi ilə tərtib edilmiş 10 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 10 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar