Məhkəmə qərarları › İş №3(074)-378/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-378/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-378/2024 21.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Şəxs Şamaxı Rayon Polis Şöbəsinin daxilində ünvansız nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şamxı Rayon Polis əməkdaşı onu izahat vermək üçün şöbəyə dəvət etmiş, lakin həmin əməkdaşın adını bilməmişdir. xx.xx.2024-cü il tarixdə o, Şamaxı Rayon Polis Şöbəsinə yaxınlaşmış, növbətçi hissənin qarşısında olarkən Faiq adlı əməkdaş ilə aralarında mübahisə olmuşdur. Hadisə həmin vaxt əsəbi və içkili olduğundan polis əməkdaşları ilə mübahisə etmiş, lakin onlara qarşı nalayiq ifadə işlətməmişdir. Törətdiyi əməldən peşmandır. O, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri X6 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şamaxı RPŞ-də qapı postunda xidmət edərkən saat 17:00 radələrində adını bilmədiyi və əvvəllər tanımadığı bir nəfər şəxs rayon polis şöbəsinə daxil olaraq növbətçi hissənin pəncərəsinə yaxınlaşmış, polis mayoru Faiq Niftəliyev ilə mübahisə etmiş, onlar onu sakitləşdirərək onu hansı əməkdaşın şöbəyə dəvət edildiyini soruşmuşlar, o, onu dəvət edən əməkdaşın adını bilmədiyini söyləmiş, onlar onu sakitləşdirib rayon polis şöbəsindən uzaqlaşdırmışlar, lakin bir neçə dəqiqə sonra həmin şəxs yenidən Şamaxı rayon polis şöbəsinə daxil olaraq polis mayoru Faiq Niftəliyev ilə mübahisə etməyə başlamış, nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri X3 şahid Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X6 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan AZA 019686 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 54 nömrəli xx.xx.2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:30-da Şəxs orta dərəcəli sərxoşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin məsul növbətçisi polis mayoru, Faiq Niftaliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 20 may 2024-cü il tarixdə, saat təxminən 17 radələrində Şamaxı rayon polis şöbəsində məsul növbətçi olarkən bir nəfər şəxs RPŞ-yə daxil olmuş və növbətçi hissəyə yaxınlaşaraq uca səslə nalayiq ifadələrlə söyərək onu təhqir etmiş və iş fəaliyyətini pozmuşdur. O, isə həmin şəxsə sakit olmasını və nizam intizamlı olmasını desə də o öz hərəkətlərini davam etdirmişdir. Sonradan həmin şəxsin sərxoş halda olduğunu və Şamaxı rayonu, Göylər kəndində yaşayan X7 olması müəyyən olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və 5 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 20 may 2024-cü il, saat 19:00-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar