Məhkəmə qərarları › İş №3(074)-38/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-38/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-38/2023 15.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X1 iştirakı ilə, xx xxxx 1987-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, 14 fevral 2023-cü il tarixdə, saat 21:30 radələrində “Bəyaz” marketin qarşısında uca səslə nəlayiq ifadələr işlətmiş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahat verərək bildirdi ki, 14 fevral 2023-cü il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə “Bəyaz” marketə uşaq bezi və çörək almaq üçün getmiş, həmin əşyaları market sahibindən borc verməsini xahiş etmiş, lakin sonuncu əşyaları borca verməyəcəyini və marketi tərk etməsini dediyi üçün, aralarında mübahisə yaranmış və o, əsəbləşərək küçəyə çıxıb, uca səslə söyüş söymüşdür. Bu zaman ona yaxınlaşan polis əməkdaşları onu intizama dəvət etsə də, o, polisin qanuni tələbinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X2 göstərdi ki, Şəxs aldı şəxs 14 fevral 2023-cü il tarixdə, saat 21:30 radələrində Şamaxı şəhərində yerləşən “Bəyaz” marketin qarşısında ucadan nəlayiq ifadələr işlətdiyi üçün, ona yaxınlaşıb intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla bağlı, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri Niyaməddin Cəfərovun raportundan görünür ki, 14 fevral 2023-cü il tarixdə, saat 21:30 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində PPXB-nin polis nəfəri Hafiz Məmmədov ilə birlikdə xidmətdə olan zaman, həmin ərazidə yerləşən “Bəyaz” marketin qarşısında bir nəfər şəxsin uca səslə nəlayiq ifadələr işlətməsini görüb, həmin şəxsə yaxınlaşıb, özlərini təqdim edərək, qanunsuz hərəkətlərini dayandırmağı tələb etmiş, adı onlara sonradan məlum olan Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, sonuncu öz qanunsuz hərəkətlərini davam etdirərək, qanuni tələblərinə məhəl qoymamaqla, onlara müqavimət göstərmişdir. Bu səbəbdən həmin şəxs Şamaxı Rayon Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan 14 fevral 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 fevral 2023-cü il tarixdə, saat 21:50-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs tərəfindən inzibati xətaların törədilməsi onun etirafedici izahatı, iş materialları və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən, inzibati xətaları sərxoş vəziyyətdə törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və o, daha ciddi xətanı əhatə edən İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 14 fevral 2023-cü il tarixdən, saat 21:50-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar