Məhkəmə qərarları › İş №3(074)-382/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-382/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-382/2021 23.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 1(bir) qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 23.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahat verib bildirdi ki, məhkəmənin qərarına əsasən vətəndaş Şəxs 2600 manat borcundan keçən il atası tərəfindən 100 manat ödəniş olunmuşdur. Vətəndaş Şəxs özü 1(bir) qrup əlildir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə dəfələrlə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda Şəxs icra sənədi üzrə 2500 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat vermək qabilyyətində olmadığı müəyyən edildi. Şəxs atası X2 izahat verib bildirdi ki, oğlunun qanuni nümayəndəsi olmasına dair heç bir sənədi yoxdur. Atasının vasitəsilə dindirilmiş Şəxs 7 ildir ki, bu vəziyyətdə olduğunu, yataq xəstəsi olduğunu, aliment borcundan ödəniş etmək üçün heç bir imkanı olmadığını, aldığı pensiyasının isə onun dərmanlarına sərf olunduğunu, bundan sonra pensiyasında hər ay 100 manat ödəniş edə biləcəyini bildirdi. Məhkəmə iclasında müdafiəçi Vəkil izahat verib bildirdi ki, məhkəmənin icra sənədi icra olunmalıdır, amma bugün ki, vəziyyətdə onun pensiyasından başqa heç bir gəlir yeri yoxdur və borclu Şəxs işləmək qabiliyyətidə yoxdur. Bütün bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, o, aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Çünki əvvəl işləyirdi, amma hal-hazırda heç bir yerdə işləmir, uşağa baxmaqda çətinlik çəkir. Uşaq artıq məktəbə gedir və onun xərcləri daha da artıb. Vaxtında ödəniş olsaydı bu qədər aliment borcu yığılmazdı. Bu günə kimi Şəxs tərəfindən keçən il poçt vasitəsi ilə cəmi 100 manat aliment ödənilib. Odur ki, hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 11 sentyabr 2020ci il tarixli 2(002)-965/2020 saylı icra vərəqəsinə əsasən 25.02.2020-ci il tarixdən başlayaraq 08.11.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 18 iyun 2020-ci il və 21 sentyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarlardan və həmin tarixli bildirişlərdən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılaraq borclu Şəxs icranı dərhal təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinin 15.02.2012-ci il tarixdə verdiyi tibbi nəticədən görünür ki, Şəxs anadangəlmə lalkarlıq diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəsinə dair məlumatdan görünür ki, Şəxs 1(bir) qrup əlidir, Spondilopatiya, Ankilozlaşan spondilit. Onurğanın ağır hiperkifozu. Bexterev xəstəliyi kəskin ağrı sindromu ilə. Hər iki bud-çanaq oynağının ankilozu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 8(074)-113/2021 saylı, 26 avqust 2021-ci il tarixli qərardadının surətindən görünür ki, xx xxxxxx 1985-ci ildə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuş, Şamaxı rayonu Mədrəsə qəsəbəsi Dostluq küçəsi 25 saylı evdə yaşayan Şəxs məcburi qaydada Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs uzun müddət ərzində yəni icra məmuru tərəfindən icraatın başlandığı tarixdən hal hazıradək məhkəmə qərarlarının icrasına laqeyd yanaşması, yalnız onun barəsində inzibati tənbeh təhdidinin mövcud olma hissini anladıqdan sonra borcun az bir hissəsini ödəməsi (keçən il 100 manat) dövlət adından qəbul edilmiş məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinə dəlalət edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar