Məhkəmə qərarları › İş №3(074)-389/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-389/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-389/2021 26.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Şamaxı rayonu, Meysəri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Meysəri kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 26.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verib bildirdi ki, Siyəzən rayon Məhkəməsinin və Şamaxı rayon Məhkəməsinin eyni borclu, eyni tələbkar üzrə icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu ümumilikdə 18002,05 manat olan borcundan 40 manat ödəniş etmişdir. Lakin icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, onun barəsində axtarış elan edilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə 17962,05 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, 17962,05 manatdan 7732,61 manatı onun şəxsi borcudur, qalanı isə zamin kimi borcludur. O, barəsində olan məhkəmə qərarının icrasından yayınmır. Ailə vəziyyəti ilə bağlı ödənişlər etməyib, amma növbəti aylarda çalışıb borcundan 100-150 manat ödənişlər edəyəcəkdir. Odur ki, ailə vəziyyətini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Siyəzən rayon Məhkəməsinin 2(059)-83/2021 saylı, 26.07.2021-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 "xxxx" ASC-nin xeyrinə 7932,41 manat əsas, 2307,03 manat faiz olmaqla, cəmi 10239,44 manat borc və ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-125/2020 saylı, 16.01.2020-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X3 6831,82 manat əsas, 870,79 manat faiz və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7732,61 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədləri 04.08.2021-ci il və 05.03.2020-ci il tarixlərdə şöbəyə daxil olmuş, müvafiq olaraq hər iki icra sənədinin icraatına başlanılaraq icra tədbirləri aparılmışdır. İş materiallarında olan 26.11.2021-ci il tarixli “bir neçə icra sənədinin ümumi icraata birləşdirilməsi haqqında” qərardan görünür ki, Şamaxı rayonu, Meysəri kəndində qeydiyyatda olan Şəxs boclu olduğu, Şamaxı Rayon İcra və Probasiya şöbəsinin icraatında olan Siyəzən rayon Məhkəməsinin 2(059)-83/2021 saylı, 26.07.2021-ci il tarixli, Şamaxı rayon Məhkəməsinin 2(074)- 125/2020 saylı, 16.01.2020-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan borclunun məcburi gətirilməsi haqqında 21.10.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında 15.10.2021-ci il tarixli qərarın surətindən görünür ki, 18.04.1992-ci il təvəllüdlü Şamaxı rayonu, Meysəri kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclu Şəxs 29.10.2020-ci il tarixdə vermiş olduğu iltizamından görünür ki, o borcundan hər ay 150 manat ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Şamaxı rayon icra hakimiyyəti başçısının Meysəri kənd nümayəndəliyinin 18.10.2021-ci il tarixli № 165 saylı məktubundan görünür ki, Şəxs Şamaxı rayonu Meysəri kəndində qeydiyyatdadır, lakin onlara məlum olmayan ünvanda yaşayır. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 noyabr 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar