Məhkəmə qərarları › İş №3(074)-390/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-390/2021

28.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-390/2021 28.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Qobustan rayonu, Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 27.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 27.11.2021-ci il tarixdə saat təxminən 15:20 radələrində RPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şaban Əmrahov və X11 dairəsində xidmətdə olan zaman Vaz 2104 markalı **-KZ-*** dövlət nömrə nişanlı avtomobildə dəmir metallar olduğunu görüb həmin nəqliyat vastəsinə yaxınlaşaraq özlərini təqdim edib onlardan səndlərini istəmişlər. Bu zaman sürücünün yanında əyləşən adını bilmədikləri şəxs özünü qeyri normal apararaq ünvanlarına nalayiq ifadələr işlətməyə başlamış, onlar həmin şəxsi nizam intizama dəvət etsələr də həmin şəxs öz hərəkətlərinə davam etmişdir. Polisin qanuni tələblərinə məhəl qoymayan qanuni tələbləri pozan şəxsi RPŞ-nə dəvət etslər də həmin şəxs tabesizlik göstərmiş və onlar bu zaman həmin şəxsi RPŞ-yə gətirmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxs Şəxsdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 27.11.2021-ci il tarixdə Şamaxı rayonu, Muğanlı kənd ərazisində atası ilə onlara məxsus VAZ 2104 markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəmir metal toplamışlar. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edərək, onlardan şəxsiyyət vəsiqələrini tələb etmişlər. Avtomobilin yük yerinə baxış keçirmişlər. Həmin vaxt o vəsiqəsini vermiş və hirslənərək əlindəki cüzdanı maşının şitinin üstünə atmış və ucadan “bəsdirin bezmişəm” dedim. Onlar güclərindən istifadə edərək onu ayaqları altına salmış, sonra əlavə kömək çağırmışlar. Daha sonra iki nəfər gəlmiş, o, avtomobilə minməmişdir. O, polis şöbəsinə öz avtomobilləri ilə getmək istədiyindən aralarında mübahisə yaranmışdır. Bundan sonra onlar yenidən kömək çağırmışlar, onu post patrul avtomobilinə təpiklə mindirmişlər. Atasının avtomobilini isə atası özü idarə etmişdir. Etdiyi əməldən peşmandır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirdi ki, izahat verib Şəxs etdiyi əməldən peşman olmasını və gənc olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X4 izahat verib bildirdi ki, 27.11.2021-ci il tarixdə Şamaxı rayonu, Muğanlı kənd ərazisində xidmətdə olduqları zaman VAZ 2104 markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında əlvan metal topladığını görmüşlər həmin vaxt onunla xidmətdə PPXB-nin polis nəfəri polis serjantı X7 olmuşdur. Onlar həmin metal yığan şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və onlardan şəxsiyyət vəsiqələrinə baxış keçirmək və qeydiyyat aparmaq istədikdə sürücünün yanında əyləşən sərnişin özünü qeyri normal apararaq avtomobildən yerə enmiş və səs-küy salmağa başlamış, ünvanlarına nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsə nizam intizamlı olmasını istəsələrdə o, öz hərkətlərinə davam etmişdir. Şəxs hətta onun paltarının yaxasından tutaraq onunla mübahisə etməyə başlamışdır. Sonra vətəndaş qanuni tələbləri pozduğu və səs-küy saldığı üçün onu rayon polis şöbəsinə onlarla gəlməsini bildirdikdə o tabesizlik göstərərək avtomobilə minməmiş və əlavə naryad dəvət etmişlər. Sonra həmin şəxsi avtobobilə mindirərək rayon polis şöbəsinə gətirmişlər. Onlar onu maşına minməyə dəvət etsələrdə o tabesizlik göstərib maşına minməmək üçün güc tədbiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş RPŞ-nin PPXB-nin polis nəfərləri X3, X6, X5 şahid X4 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı İsmət Kərimov tərəfindən tərtib edilmiş 27.11.2021-ci il tarixli raportdan görünür ki, 27.11.2021-ci il tarixdə saat təxminən 15:20 radələrində RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X10 dairəsində xidmətdə olan zaman Vaz 2104 markalı **-KZ-*** dövlət nömrə nişanlı avtomobildə dəmir metallar olduğunu görüb həmin nəqliyat vastəsinə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman sürücünün yanında əyləşən adını bilmədikləri şəxs özünü qeyri normal apararaq ünvanlarına nalayiq ifadələr işlətməyə başlamış, onlar həmin şəxsi nizam intizama dəvət etsələr də həmin şəxs öz hərəkətlərinə davam etmişdir. Polisin qanuni tələblərinə məhəl qoymayan qanuni tələbləri pozan şəxsi RPŞ-nə dəvət etslər də həmin şəxs tabesizlik göstərmiş və onlar bu zaman həmin şəxsi RPŞ-yə gətirmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxs Şəxsdur. Polis şöbəsinə gəldikdən sonra isə Şəxs onlara xidməti formalarını çıxarıb onlarla söhbət etmək istədiyini bildirmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 27.11.2021-ci il tarixli BB № 018980 nömrəli protokoldan görünür ki, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə Şəxs 27.11.2021-ci ildə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlindən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXMnin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 27 noyabr 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar