Məhkəmə qərarları › İş №3(074)-391/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-391/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-391/2021 29.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Şamaxı rayonu, Sis kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şamaxı rayonu, Sis kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 23.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs 03.11.2021ci il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 30.10.2021-ci il tarixdə həmkəndlisi Fuadın onu döyməsini göstərmişdir. Faktla bağlı araşdırma aparılmış, məhkəmə tibbi ekspertizası təyin olunmuş və Zərərçəkmiş şəxs dəymiş xəsarətin sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət isinin başlanılması rədd olunmuş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 30 oktyabr 2021-ci il tarixdə saat 16:00 radələrində kəndlərində örüş sahəsindən qayıdarkən heyvanlarının kənd ərazisində olduğunu, Zərərçəkmiş şəxs tərəfindən ağac ilə vurulduğunu və onun ailəsinin ünvanına nalayıq söyüşlər söydüyünü görmüşdür. Faktiki olaraq həmin ərazi bələdiyyə məxsusdur və Orucova tərəfindən zəbt edilmişdir. O, ona iradını bildirdikdən sonra, onun oğluna zəng etmiş və hadisə barədə məlumat vermişdir. Oğlu isə əvəzində anasına məhəl qoymamağını və ona xəbərdarlıq edəcəyini bildirmişdir. Hətta o, polis şöbəsinə müraciət edəcəyinidə bildirmişdir. Hadisədən bir neçə gün sonra o polis şöbəsinə müraciət edərək güya onun tərəfindən daş və taxta vurulduğunu bildirərək, hətta ekspertdən xəsarət alması barədə rəy almışdır. Halbuki, o onu və ailə üzvülərini söyüb təhqir etmiş, heyvanlarını taxta ilə vurmuşdur. O, ona yaxınlaşmadan onu daş və taxta ilə vurmağı mümkün deyildir. Bundan əlavə qeyd edilən maddi sübutlarda təqdim edilməmiş, ona görə ki, faktiki olaraq olmamışdır. O, 44 günlük Vətən Müharibəsində iştirak etmiş, onun xasiyyəti, tərbiyəsi və davranışı söyüş söyməyi və kiməsə xəsarət yetirməyə uyğun deyildir. Faktiki olaraq Orucova polisə yalandan məlumat vermiş və böhtan atmışdır, tərəfindən inzibati hadisə törədilməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 30 oktyabr 2021-ci il tarixdə evdə tək olarkən, saat 16:00 radələrində həyətdən səs gəldiyini eşidib həyətə çıxan zaman qonşu Şəxs heyvanları onlara məxsus həyətyanı sahələrinə saldığını, özünündə kənardan dayanıb gözlədiyini görüb, həmin heyvanları həyətlərindən çıxarmaq istəyən zaman Fuad ona yaxınlaşaraq heyvanları adam kimi çıxar deyərək onun ünvanına nalayiq söyüşlər söyüb sonra isə əlində olan çətirlə onu vurmaq istədikdə geri çəkilmişdir. Sonra yerdən daş götürərək ona tərəf atdıqda daş ona dəyməmiş, bundan sonra Fuad yerdən ağac götürərək ona tərəf atdıqda üzünə dəyməsin deyə sol əlini qabağa verərkən ağac onun sol dirsək nahiyyəsindən dəymiş, həmin vaxtı yaxınlığda olan Şəxs atası Xanmusa Cəlilovda onun ünvanına nalayiq söyüşlər söyərək oğlunun hərəkətlərinə haqq qazandırmışdır. Şəxs bir neçə dəfə çəpərdən ona tərəf keçməyə cəhd etsədə keçə bilməmiş, onların onu təhqir etməsindən sonra vəziyyəti pisləşmiş, bundan sonra evə gedərək uzanıb qalmşdır. 31 oktyabr 2021-ci il tarixdə həyat yoldaşı evə gəldikdən sonra onun vəziyyətinin pisləşməsini görüb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat vermiş, Şəxs və onun atası Xanmusa Cəlilovla arasında hər hansı bir dava-dalaş olmasada Fuad mübahisə zamanı yerdən daş və ağac götürərək ona tərəf atdıqda ağac onun sol qol nahiyyəsinə dəyərək xəsarət yetirmiş, onlarla aralarında hər hansı bir düşmənçilik və ya ədavət yoxdur. Hadisə onların yaşadığı Sis kəndində evlərinin yaxınlığında baş vermiş həmin vaxt orada Şəxs, onun atası Xanmusa Cəlilov və anası Rəxşəndə Cəlilova olmuş, başqa heç kim olmamışdır. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X5 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19.11.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Şamaxı RPŞ-nin İTB-yə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19.11.2021-ci il tarixli qərardan görünür ki, MTE-nin 04.11.2021-ci il tarixli, 399 saylı rəyində Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində, sol bazunun aşağı 1/3-nin qançırı və sol diz qapağının ön səthinin sıyrığı küt əşyanın təsirindən törənməsi, yetirilmə müddətinin 30.10.2021-ci il tarixə uyğun olmaqla sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsinin təyin edilməməsi, xəsarətin kənar şəxs və şəxslər tərəfindən yetirilməsinin mümkün olması göstərilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar