Məhkəmə qərarları › İş №3(074)-392/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-392/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-392/2025 11.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Şamaxı şəhəri avtovağzal dairəsi yaxınlığında yerləşən “Şamaxı” Şadlıq sarayının qarşısında ictimai qaydanı pozaraq, polisin ünvanına nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmaması aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2025-ci il tarixdə qohumunun toyuna gəlmiş, həmin toyda spirtli içki qəbul etmişdir. Toyda dava düşmüş, toydan sonra saraydan çıxaraq, yaşadığı Sabunçu rayonuna qayıdarkən polis əməkdaşları ona yaxınlaşmış və ona demişlər ki, “sən kimsən” oda cavabında onlara dava edəni nəzərdə tuturaq demişdir ki, “mən uşaqların valideyniyəm”. Həmin vaxt onu elə itələmişlər ki, o yıxılmış və dişləri sınmışdır. Sonra onu polis şöbəsinə gətirmişlər, orada onu fasilələrlə döymüşlər, həttda elə olmuşdur ki, onu su ilə ayıldıb yenidən döymüşlər. O, saxlanılan zaman heç bir polis əməkdaşını söyməmiş, ola bilsin ki, polis şöbəsində onu döyən zaman orada söyüş söymüşdür. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, Şamaxı rayon Polis Şöbəsinə getməmək üçün özünü daşa və divara vurub özünə xəsarətlər yetirməmişdir. Onu polis şöbəsində təpik, sillə vuraraq döymüşlər. O, polis əməkdaşlarının ünvanına söyüş söyməmişdir. Polis əməkdaşlarının deməsinə görə, onu polis şöbəsinə şüphəli şəxs olduğuna görə aparmışlar. İzahatda olan imza onundur, amma həmin izahatı o, yazmamış və ona həmin izahat uca səslə oxunmamışdır. İzahatı polis şöbəsində polis əməkdaşları yazmış, oda sadəcə imza etmişdir. İçkili olduğundan onu saxlayarkən kiminsə ünvanına nalayiq ifadələr işlətməsini xatırlamır. Qeyd ediklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dediyinə görə onun heç bir günahı olmamış, içkili olmuş və heç bir polis əməkdaşını söyməmdir. Az yaşlı uşaqlarının olmasını nəzərə alaraq həbslə bağlı olmayan yəni, cərimə inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis baş serjantı X1 izahat verib bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində PPXB-nin bölük komandiri Eliyar Səmədov və PPXB-nin polis nəfəri, polis serjantı Sayılov Elvin ilə birlikdə xidməti yoxlayan zaman Şamaxı şəhəri Avtovağzal dairəsi yaxınlığında yerləşən “Şamaxı” şadlıq sarayının qarşısında 1 nəfər vətəndaş sonradan adı onlara məlum olan Şəxs ictimai yerdə polisin şərəf və ləyaqətini alçaldan nalayiq ifadələrlə polisin ünvanına söyüşlər söymüş, onlarda ona yaxınlaşdıqda onlara müqavimət göstərmiş, onlar onu dəfələrlə nizam intizama dəvət etsələrdə vətəndaş onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərinə davam etmiş, həmin şəxs onlara heç bir məhəl qoymamış, öz hərəkətlərinə davam etmiş və həmin şəxs özünə xəsarətlər yetirmək məqsədilə özünü sərxoş vəziyyətdə yerə və divara vurmuşdur. Onlar həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün bölük komandiri tərəfindən raport tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis serjantı X7 və Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin bölük komandiri, polis mayoru X2 şahid Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı X1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan qeydiyyat nömrəsi 04127 saylı sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə müayinə vaxtı (1.813 promil) alkoqol sərxoşluğu aşkar olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında AZA 019721 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin PPXB-nin bölük komandiri, polis mayoru Eliyar Səmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində PPXB-nin polis nəfərləri, polis baş serjantı Gülməmmədov Elşən və polis serjantı Sayılov Elvin ilə birlikdə xidməti yoxlayan zaman Şamaxı şəhəri Avtovağzal dairəsi yaxınlığında yerləşən “Şamaxı” şadlıq sarayının qarşısında 1 nəfər vətəndaş sonradan adı onlara məlum olan Şəxs ictimai yerdə polisin şərəf və ləyaqətini alçaldan nalayiq ifadələrlə polisin ünvanına söyüşlər söymüş, polis yaxınlaşdıqda onlara müqavimət göstərmiş, onlar onu dəfələrlə nizam intizama dəvət etsələrdə vətəndaş qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərinə davam edərək onlara heç bir məhəl qoymamış, öz hərəkətlərinə davam etmiş və həmin şəxs özünə xəsarətlər yetirmək məqsədilə özünü sərxoş vəziyyətdə yerə və divara vurmuşdur. Onlar həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün Şamaxı Rayon Polis Şöbəsinə gətirmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şamaxı RPŞ-nin İTBnin polis sahə rəisi, polis baş leytenantı X6 və PPXB-nin bölük komandiri, polis mayoru X2 və PPXB-nin polis nəfəri, polis baş serjantı X1 və PPXB-nin polis nəfəri, polis serjantı X5 tərtib etmişlər ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs Şamaxı rayon Polis Şöbəsinə “Fiat Doblo” markalı, 77- PX-979 dövlət qeydiyyat nömrə nişanlı patrul avmobili ilə gətirilərkən vətəndaş özünü daşa divara vuraraq özünə xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına göstərdiyi 3 saat hüquqi yardım göstərməsinə görə 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 10 sentyabr 2025-ci il tarix, saat 21:30-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına göstərdiyi 3 saat hüquqi yardım göstərməsinə görə 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar