Məhkəmə qərarları › İş №3(074)-394/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-394/2020

07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-394/2020 07.12.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Şamaxı rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN № ******* saylı inzibati protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 23:10 radələrində Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün polis əməkdaşları onu saxlamış, bu zaman o, xırda xuliqanlıq hərəkətlərinə yol verərək ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 23:10 radələrində Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün polis əməkdaşları onu saxlamış, bu zaman o, sərxoş olduğu üçün ünvansız şəkildə nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, sərxoş oldu üçün onlara tabe olmamış, lakin sonradan törətdiyi əməldən peşman olmuş və polis əməkdalarından üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin əməkdaşı X2 izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 23:10 radələrində xidmət yoldaşı Dilqəm Mahmudovla birlikdə Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində xidmətdə olan zaman Vaz 21011 markalı avtomobilin qadağan olunmuş işıqlardan istifadə etdiyi görmüş və həmin avtomobilə saxla işarəsi vermiş, sonradan adının Şəxs olduğunu bildiyi sürücüyə yaxınlaşaraq sənədlərini tələb etmiş, Şəxs özünü şübhəli apardığı üçün onu alkotester vasitəsilə yoxlamış və onun sərxoş olduğunu müəyyən etmiş, onu sərxoş olduğu üçün rayon polis şöbəsinə dəvət etmiş, Şəxs isə nalayiq ifadələr işlətməyə başlayaraq akresivləşmiş, onu nizam-intizama dəvət etsə də, Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin əməkdaşı X1 da digər şahid X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli BB № 007889 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2020-ci il tarixli № 329 saylı aktdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:10-da sərxoş olmuşdur. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun etirafedici izahatı və şahidlərin izahatları, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını və əməlindən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə növündə cəza təyin olunmalı və o, məhkəmə zalında dərhal həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar