Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-395/2020 07.12.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 329.3, 332.1, 333.1, 510, 511.1 və 535.1-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 329.3, 332.1, 333.1, və 511.1-ci maddələri ilə İXP № ******* saylı, 510 və 535.1-ci maddələri ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2020ci il tarixdə saat 23:40 radələrində Ford Transit mikroavtobus markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan, işıq cihazlarından istifadə qaydalarını pozmaqla, sərxoş vəziyyətdə, yolda yüksək sürətlə ziqzaqvari hərəkət edərək avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verərək və nəqliyyat vasitəsini saxla tələbini yerinə yetirməyərək idarə etmiş, eyni zamanda rayon ərazisində ictimai yerdə xırda xuliqanlıq hərəkətlərinə yol verərək ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 23:40 radələrində Ford Transit mikroavtobus markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhəri istiqamətində gələn zaman yol patrul xidmətinin əməkdaşları “Çənlibel” restoranının yanında ona saxla işarəsi vermiş, lakin o, avtomobili saxlamayaraq yüksək sürətlə hərəkətinə davam etmiş, şəhərin içərisinə girdikdə isə, ara küçələrə girmiş, orada avtomobili yol patrul xidməti avtomobilinin sağına-soluna sürmüş, onların hərəkətinə mane olmuş, avtomobili saxladıqda isə həmin vaxt sərxoş olduğu üçün öz hərəkətini başa düşməyərək nalayiq ifadələr işlətməyə başlamış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Lakin o, sonradan əməlindən peşman olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin əməkdaşı X3 izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə xidmət yoldaşı Samir Hacıyevlə birlikdə xidmətdə olan zaman Şamaxı Pirqulu yolunun Əngəxaran kənd ərazisindən keçən hissəsində Ford Transit mikroavtobus markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi vermiş, buna baxmayaraq sonradan adının Şəxs olduğunu bildiyi sürücü işarəyə məhəl qoymayaraq hərəkətə yüksək sürətlə davam etməyə başlamış, Şəxs şəhərə daxil olduqdan sonra N.Nərimanov küşəsi ilə M.Ə.Rəsulzadə küşəsinin kəsişməsində yerləşən işıqfora məhəl qoymayaraq işıqforun qırmızı işığında M.Ə.Rəsulzadə küçəsinə dönərək yüksək sürətlə hərəkətə davam etmiş, avtomobili müşahidə etmək istədikdə Şəxs idarə etdiyi avtomobillə sağa-sola hərəkətlər edərək ara yollara sürmüş və onlardan uzaqlaşmış, daha sonra Şəxs həmin avtomobillə H.Əliyev porospektində saxlanılmış, bu zaman o, sərxoş olduğu üçün tabesizlik edərək polisin qanuni tələbini pozmuş, ictimai yerdə söyüş və təhqir edici ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları X4, X1 və X2 şahid X3 ilə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2020-ci il tarixli № 324 saylı aktdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:40-da orta dərəcədə sərxoş olmuşdur. İş materiallarında olan BB № 18951 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:50 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2020-ci il tarixdə azad edilmişdir. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun etirafedici izahatı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatları, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 329.3 və 332.1-ci maddələri üzrə inzibati xətalara dair işlərə baxılması məhkəmə aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli, tərtib olunmuş protokol aidiyyəti üzrə baxılmasında ötrü Şamaxı rayon Polis Şöbəsinə göndərilməli, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1, 510, 511.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1, 510, 511.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 511.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməldən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan inzibati cərimə növündə əsas, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1, 510, 511.1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 329.3 və 332.1-ci maddələri üzrə inzibati xətalara dair işlərə baxılması məhkəmə aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin, tərtib olunmuş protokol aidiyyəti üzrə baxılmasında ötrü Şamaxı rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-395/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-395/2020
07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver