Məhkəmə qərarları › İş №3(074)-396/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-396/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-396/2023 15.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şamaxı rayonu, Sabir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 909/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, 20 iyun 2013-cü il təvəllüdlü X4 və 16 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Şəxs 23 iyul 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq, X1 ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra, icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Şəxs aliment borcu üzrə 2060 manat borcu yaranmış, lakin sonradan 400 manat və 500 manat ödənişlər etmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahat verib bildirdi ki, o, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə yaranmış borcu ödəməkdən imtina etməmiş, heç bir yerdə işləmədiyinə görə, aliment borcunu ödəyə bilməmişdir. Nəticədə onun 2060 manat borcu yaranmışdır. Lakin, bir neçə dəfə ödənişlər etdikdən sonra, onun hazırda 1160 manat ödənilməmiş borcu qalmışdır. Qalan borcu birdəfəyə hazırda ödəməyə imkanı yoxdur. Bununla belə, icra sənədini icra etməkdən imtina etmir və qısa zamanda borcunu tam şəkildə ödəməyi öhdəsinə götürür. Odur ki, məhkəmədən qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(074)- 909/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, 20 iyun 2013-cü il təvəllüdlü X4 və 16 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Şəxs 23 iyul 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq, X1 ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borcluya icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 324/6 saylı xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən X2 hesabına 400 manat və 500 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, üzrlü səbəbdən, yəni maddi imkanı olmadığından icra sənədini tam icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar