Məhkəmə qərarları › İş №3(074)-397/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-397/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-397/2023 07.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, xx.xx.2023-cü il tarixdə şərxoş halda nəlayiq ifadələr işlətmiş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilib izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, axşam saatlarında yaşadığı Şamaxı rayonu Həmyəli kəndində qohumları ilə birlikdə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra, aralarında mübahisə yaranmış və o, həmin vaxt DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra, o, spirtli içkinin təsirindən səs-küy salmış və ilk əvvəl polis şöbəsinə getmək təklifinə etirazını bildirmişdir. Bir qədər sonra polis şöbəsinə getmişdir. Lakin, o, polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadələr işlətməmişdir. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Şamaxı Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə Şamaxı rayonu, Həmyəli kənd sakini Şəxs adlı şəxsin müraciəti daxil olmuşdur. Həmin müraciətlə əlaqədar, polis əməkdaşları Şamaxı rayonu, Həmyəli kəndinə - Şəxs yaşadığı ünvana getmişdir. Həmin zaman spirtli içkinin təsiri altında olan Şəxs polis əməkdaşlarını nəlayiq ifadələrlə təhqir etmiş və nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, öz hərəkətini davam etmişdir. Bununla əlaqədar, Şəxs polis şöbəsinə gətirilmişdir. Nəticədə həmin şəxsin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi müayinəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 01:46-da müayinə olunan Şəxs 1.755 % dərəcədə alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmuşdur. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:55-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs tərəfindən inzibati xətaların törədilməsi onun etirafedici izahatı, iş materialları və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən, inzibati xətaları sərxoş vəziyyətdə törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və o, daha ciddi xətanı əhatə edən İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 23:55-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar