Məhkəmə qərarları › İş №3(074)-40/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-40/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-40/2023 16.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu, Şirvan kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1578/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edilərək, əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1578/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2016-cı il tarixdən başlayaraq, borclu Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, xx.xx.2009-cu il tarixdə doğulmuş X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra, icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və inzibati məsuliyyətə cəlb olunacağı haqqında xəbərdarlıqlar olunmuşdur. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Hazırda borclunun icra sənədi üzrə 7800 manat aliment borcu yaranmışdır. Lakin, borclu yaranmış borcunu ödəməyə imkanının olmamasını əsas gətirərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, icra sənədinin icrasından yayınmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs ödənilməmiş aliment borcu yaranmışdır. O, heç bir yerdə işləmir və hər hansı bir gəlir mənbəyi yoxdur. Onda əqli gerilik xəstəliyi var və vaxtaşırı müvafiq müalicələr alır. O, sonradan ikinci dəfə ailə quraraq, X2 ilə nikaha daxil olmuş və həmin nikahdan 2014cü il təvəllüdlü Ayan, 2017-ci il təvəllüdlü Əsmət adlı övladları anadan olmuşdur. Yaz-yay aylarında fəhləlik etməklə, ayda təxminən 250-300 manat gəliri olur. Lakin, hər hansı bir daimi işlə təmin oluna bilmir və ailəsini valideynlərinin köməkliyi ilə saxlayır. İşləyib, gəlir əldə etdiyi təqdirdə, yaranmış aliment borcunu ödəməyi öhdəsinə götürür. Odur ki, qərar qəbul edərkən, qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Şəxs hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, 2009-cu il təvəllüdlü X7 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməlidir. Hazırda Şəxs aliment borcu yaranmış və sonuncu borcunu ödəməkdən yayınır. O, icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsini tələb etmiş və tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra, icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Eyni zamanda, həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından görünür ki, 1973-cü il təvəllüdlü Şəxs Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində “orta dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarından görünür ki, Şəxs yenidən nikaha daxil olaraq, həmin nikahdan xx.xx.2014-cü il tarixdə Ayan, xx.xx.2017-ci il tarixdə isə Əsmət adlı övladları doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər”. Həmin Qərarda qeyd olunur ki, “İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir”. Həmin Qərarda qeyd olunur ki, “məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanun normalarını əsas tutaraq, iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar