Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-410/2023 20.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş protokol baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, protokolda qeyd edilmişdir ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-16/2021 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs məxsus Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 10,0679 ha torpaq sahəsinin müəyyən olunması. Bununla da “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 100.1.4 və 100.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Bundan başqa xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati araşdırma zamanı hüquqi şəxsin nümayəndəsinin işə cəlb edilməsi, onun nümayəndə qismində səlahiyyətini təsdiq edən sənədin işə əlavə edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi təmin edilməmiş, protokolda yalnız hüquqi şəxsin nümayəndəsi qismində X1 göstərilimiş, lakin protokol onun tərəfindən imzalanmamışdır. Nəzərə alınmalıdır ki, ixtiyari bir şəxs, hətta hüquqi şəxsin işçisi olsa belə müvafiq səlahiyyətlərin olmasını təsdiq edən etibarnamə olmadıqda inzibati xəta haqqında iş üzrə icraatda hüquqi şəxsin nümayəndəsi ola bilməz. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsi ilə müəyyən edilmişdir. Göstərilən normalara əsaslanaraq məhkəmə qeyd edir ki, X1 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsində işləsə belə, onun hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olmasını təsdiq edən heç bir sənəd (etibarnamə və s.) olmamışdır. Azərbaycan Respublikası İXM-in 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana – Şamaxı rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 43, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-410/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-410/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver