Məhkəmə qərarları › İş №3(074)-412/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-412/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-412/2024 06.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Kəlbəcər rayonu, Sınıqkilsə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Kəlbəcər rayonu, Başkənd kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Meysəri kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verib bildirdi ki, Kəlbəcər rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(040)-371/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs, iddiaçıya vurduğu maddi zərərin əvəzi olan 9288 (doqquz min iki yüz səksən səkkiz) manat məbləğində pul və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 9288 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə icra probasiya Şöbəsində olmuş, qərar və bildirişlə tanış olmuşdur. Yaranmış 9288 manat borcunu ödəməkdən imtina etmir, sadəcə borcunu bir dəfəyə ödəniş etməyə imkanı yoxdur, borcunu hissəhissə ödəmək istəyir və ödəniş etmək üçün də hara ödəyəcəyini bilmir. Eyni zamanda bildirir ki, o həbsdən 2022-ci ildə çıxmış və bir il xəstə olmuş, bu səbəbdəndə borcundan heç bir ödəniş edə bilməmişdir. İş materiallarında olan Kəlbəcər rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(040)- 371/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs, iddiaçıya vurduğu maddi zərərin əvəzi olan 9288 (doqquz min iki yüz səksən səkkiz) manat məbləğində pul və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(040)-371/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan 06 iyul 2021-ci il tarixli 3740/4 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 26 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şamaxı rayonu, Meysəri kəndində pasport qeydiyyatında olan xx.xx.1991-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.1991-ci il təvəllüdlü Şamaxı rayonu, Meysəri kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar