Məhkəmə qərarları › İş №3(074)-413/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-413/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-413/2021 29.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1974-cü ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Qobustan rayonu M.Ə.Sabir küçəsi 22 saylı evdə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə Şamaxı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şamaxı rayon prokuroruluğunun 11 dekabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır. Ona görə ki, Şəxs X3 ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla Şamaxı rayonu ərazisində ümumilikdə 39000 manat məbləğində qızıl-zinət əşyalarının satışını həyata keçirmiş, nəticədə dövlət büdcəsinə ödəniməli olan gəlir vergisi ödənilməmiş və inzibati xəta nəticəsində 1950,0 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən şəxs Şəxs izahat verib göstərdi ki, bir ilə yaxındır ki, Sabir Mütəllimovla birlikdə qızıl satışı ilə məşğul olur, bu müddət ərzində 39000 manatlıq qızıldan təxminən 500-600 manat gəlir əldə etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət qeydiyyatına alınmamış, nə o, nə də Sabir qızıl satmaq üçün vergi ödəməmişdir. O qızılları satıb pulunu Sabirə göndərmişdir. Ümumilikdə 40000 manat pul vermişdirsə, Sabir 18000-20000 manat xeyir əldə etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət qeydiyyatın durmaq lazım olduğunu bilməmişdir. Əməlindən peşimandır. İş materiallarından görünür ki, Şamaxı rayon prokrurorluğunun 12 noyabr 2021-ci il tarixli qərarından görünür ki, 86 C-21 nömrəli toplanmış material üzrə Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında il üzrə icraat başlanmış və inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X5 Məlikli birlikdə qızıl-zinət əşyalarının satışını birgə həyata keçirmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin 08 dekabr 2021-ci il tarixli **********033900 saylı məlumatında göstərilir ki, Şəxs və X1 39000 manat dəyərində qızıl və ondan hazırlanmış zərgərlik məlumatlarının satışını həyata keçirdikləri üçün və vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan aşağı olduğuna görə gəlir vergisinin ödəyiciləri kimi vergi orqanında uşota alınmaq üçün ərizə verməyə və əldə etdikləri gəlirləri barədə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə verməyə və həmin tarixədək 1950,0 manat gəlir gergisini (vergiyə cəlb edillən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulduğunu və mikro sahibkar olduqları üçün gəlirinin 75 faizinin vergidən azad olunduğunu nəzərə alaraq (39000,0*20%=1950,0)manat xərclər barədə təsdiqedici sənədlər olduğu təqdirdə Veürgi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirin əldə edilməsi ilə bağlı olan xərclər gəlirdən çıxıldıqdan sonra) dövlət büdcəsinə ödəməyə borcludurlar. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlət büdcəsinə ödəniməli olan gəlir vergisini ödəməməklə və inzibati xəta nəticəsində 1950,0 manat maddi ziyan vurduğundan ona Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin sanksiyası çərçivəsində cərimə təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə təqsirli bilinib, 3900 (üç min doqquz yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar