Məhkəmə qərarları › İş №3(074)-417/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-417/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-417/2023 26.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarına müqavimət göstərmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərinə dayısı oğlu Şıxaliyev Xəyyamın toy məclisinə gəlmişdir. Həmin məclisdə spirtli içki qəbul etmiş, daha sonra evimə qayıdan zaman “Bəyaz” sarayın qarşısında nalayiq ifadələr işlətmiş, həmin vaxt tanımadığı bir nəfər şəxs ona söyüş söyməməyini bildirmişdir. Həmin şəxs ünvanına nalayiq ifadələr işlədərək ona tərəf gəlmiş və aralarında söz mübahisəsi olmuşdur. Polis əməkdaşları həmin yerə yaxınlaşaraq onlara qanun pozuntusunu izah etmişlər və onu Şamaxı rayon Polis Şöbəsinə dəvət edən zaman o, öz etirazını bildirmişdir. Daha sonra Polis əməkdaşları ilə birlikdə Şamaxı rayon Polis Şöbəsinə gəlmişdir. Polis əməkdaşlarından üzr istəmiş, törətdiyi əməldən peşmanıdır. Atası rəhmətə getmiş, hazırda anası ilə yaşayır. Buna görə də barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X5 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22:50 radələrində Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Bəyaz” Şadlıq Sarayının qarşısında xidmətdə olarkən orada adları sonradan onlara məlum olan X6, X7 və Şəxs birbirilərilə mübahisə edərək uca səslə nalayiq ifadələr işlətmələrini görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim edib barələrində araşdırma aparılması üçün onları Şamaxı rayon Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman X6 və X7 onlarla razılaşsa da Şəxs onların qanuni tələblərinə tabe olmayaraq Şamaxı rayon Polis Şöbəsinə getməkdən imtina etmiş və öz qanunsuz hərəkətlərinə davam etmişdir. Onlar onu dəfələrlə nizam intizama dəvət etsələrdə, tabe olmayaraq ictimai asayişi pozaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra onlar Şəxs Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. X6 və X1 olaraq Şamaxı rayon Polis Şöbəsinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 şahid Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X5 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZA № 019673 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nün bölük komandiri polis kapitanı Eliyar Səmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Şamaxı şəhər ərazisində xidmət yoxlayan zaman Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində üç nəfər şəxsin bir-biri ilə mübahisə edərək ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmələrini, ictimai asayişi pozmalarını görmüşlər və onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Qanun pozuntusunu onlara izah etmək istəyərkən onladan biri adı sonradan onlara məlum olan Şəxs polisin ünvanına nalayiq ifadələr işlədərək onlara gedin işinizlə məşğul olun deyərək öz qanunsuz hərəkətlərinə davam etmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələrdə o onların qanuni tələblərini qəsdən pozduğu üçün tərəflərindən Şamaxı rayon polis şöbəsinə gətirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 ( yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar