Məhkəmə qərarları › İş №3(074)-418/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-418/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-418/2023 27.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahat verib bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş qaydaları pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 21:00 radələrində əvvəlcədən tanıdığı dostlarını yaşadığı evə dəvət etmiş, evdə peyğəmbər mövludu üçün ehsan vermiş və sonra Quran-i kərim oxumuş və dini söhbətlər etmişlər. Daha sonra polis əməkdaşları evə gəlib onları Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Eyni zamanda bildirdi ki, o, əvvəllər pandemiya vaxtlarında dini mərasimlər keçirilməsi ilə bağlı müvafiq qrumlardan icazə alırmış, amma hazırda icazə almaq lazım olduğunu bilməmişdir. Odur ki, iş üzrə ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş qaydaları pozmuşdur. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin bölük komandiri, polis mayoru Elyar Səmədovun raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Şamaxı şəhər ərazisində xidmət apardığı zaman, ona verilən məlumata əsasən Şamaxı şəhəri, Abbas Səhhət küçəsində bir neçə şəxsin Qara adlı şəxsə məxsus yaşayış evinə yığışaraq dini yığıncaq təşkil etdiyini öyrənmişdir. Həmin yerə PPXB-nin polis nəfərləri, polis serjantları X12, X7 və X9 ilə birlikdə gedərək, qeyd eilən ünvanda avtomobillərin çoxluğunu görmüşlər. Həmin yaşayış evinə yaxılaşaraq özlərini onlara təqdim etmişlər və onların həqiqətəndə birgə toplaşaraq yığıncaq təşkil edərək, söhbətlər aparmağına şahid olmuşlar. Həmin şəxslərə qanun pozuntusuna yol verdiklərini izah edərək barələrində qanuni qydada tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər. RPŞ-nə gəldikdən sonra məlum olmuş ki, həmin şəxslər Şəxs, X16, X2, X3, Babayev Məhəmməd Babaş oğlu, X13, X5, X8r. İş materiallarında olan X16, X2, X3, Babayev Məhəmməd Babaş oğlu, X13, X5, X6 izahatlarından görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 21:00 radələrində əvvəlcədən tanıdıqları dostu Qara adlı şəxs onları peyğəmbər mövludu ilə əlaqədar yaşadığı evə dəvət etmiş, onlar onun yaşadığı evə getmişlər, orada onlardan başqa şəxslərdə var idi, ehsan veriləndən sonra Quran-i kərim oxunmuş və dini söhbətlər etmişlər, bu zaman polis əməkdaşları evə yaxınlaşaraq, özlərini təqdim etmişlər və dini yığıncaq keçirdikləri üçün onlar Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. İş materiallarında olan video diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, evin bir otağına bir neçə şəxs yığışmış, onlar stul, divan, kreslo və yerdən əyləşmişlər və bəzi dindarları çay içirdilər. Onlar hamısı baş tərəfdə oturan şəxsə qulaq asırlar və önlərində çay süfrəsi vardır. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs dini ibadət yerlərindən və ziyarətgahdan kənarda müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qurumun razılığı olmadan xx.xx.2023-cü il tarixdə Şamaxı şəhəri, Abbas Səhhət küçəsində yerləşən özünə məxsus evində kütləvi dini mərasim keçirməklə kütləvi dini yığıncağın təşkilini və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. Bununlada toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir. Öz dini əqidəsinə görə hər kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir. Həmin Qanunun 6-1 maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirlir; kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahdan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın(qurumun) razılığı ilə təşkil olunur. Azərbaycan Respublikasının İXM-nin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri minimum həddə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar