Məhkəmə qərarları › İş №3(074)-421/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-421/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-421/2021 27.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 27.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs 24.12.2021-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan bir ədəd “TOZ“ markalı, B 77932 nömrəli mülki ov silahını Şamaxı rayonu, Çarhan kəndində öz üzərində daşımışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 24.12.2021-ci il tarixdə babasından qalan ov silahını özü ilə götürərək qardaşı Qadir Baxşiyevin bağdan üzüm təhənglərini yığdığı yerə gəlmiş, sadəcə həmin yerdə canavarlar olduğuna görə tüfəngi götürmüş və gəldiyi vaxta heç bir heyvan vurmamışdır. Sonra polis əməkdaşları həmin əraziyə yaxınlaşaraq özlərini təqdim etmişlər, ondan silahın sənədlərini tələb etdikdə, o, silahın sənədlərinin olmadığını bildirmiş və silahı polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin tağım komandiri polis leytenantı X6 izahat verib bildirdi ki, 24.12.2021-ci il tarixdə təxminən 18.15 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri Rövşən Etibarovla xidmətdə olarkən Şamaxı rayonu Çarhan kəndi ərazisində bir nəfər şəxsin əlində ov silahını daşıdığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər, orada olan iki nəfərdən birinin əlində olan ov tüfəngi olduğundan dərhal həmin şəxsləri Şamaxı RPŞ-nə dəvət etmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxs Şəxs və X2r. Həmçinin ov silahının müvafiq sənədlərinin olmadığını müəyyən etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri X3 şahid X6 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan raportdan görünür ki, 24.12.2021-ci il tarixdə təxminən 18.15 radələrində Şamaxı RPŞ-nin PPXB-nin tağım komandiri polis leytenantı Vahid Hacıyev və Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri Rövşən Etibarov xidmətdə olarkən Şamaxı rayonu Çarhan kəndi ərazisində odlu tufəng səsi gəlmiş, onlar dərhal həmin yerə yaxınlaşıb özlərini təqdim etmişlər, orada olan iki nəfərin əlində ov tüfəngi olduğundan onlar dərhal həmin şəxsləri Şamaxı RPŞ-nə dəvət etmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxs Şəxs və X4r. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün məhkəməyə verdiyi izahat, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov silahı və onun döyüş sursatı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd “TOZ“ markalı, B 77932 nömrəli ov silahı və onun döyüş sursatı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar