Məhkəmə qərarları › İş №3(074)-423/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-423/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-423/2023 06.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şamaxı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Şamaxı Rayon Məhkəməsinin 2(011)-947/2020 saylı, 30 noyabr 2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Orxan Novruzov tərəfindən MN ******* nömrəli, 02 oktyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Orxan Novruzov məhkəməyə verdiyi izahatında göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(011)-947/2020 saylı, 30 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 5000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5030 manat məbləğində pul alınaraq X1 ödənilməlidir. İcra sənədi Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və Şəxs icra sənədini könüllü icra etməsi barədə bildirişlər göndərilmişdir. Lakin Şəxs icra sənədi üzrə tələbi təmin etməyərək 5030 manat borcu qalmaqdadır. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(011)-947/2020 saylı, 30 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 5000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5030 manat məbləğində pul alınaraq X1 ödənilməlidir. Məhkəmənin qətnaməsinin icrasından qərəzli şəkildə yayınmamış. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında konstruktor-rəssam vəzifəsində çalışır və aylıq vəzifə maaşı 730 manat təşkil edir. İcra məmuru barəsində protokol tərtib etməzdən öncə bu kimi halları araşdımalı olduğu halda araşdırma aparmamış və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barəsində qəbul edilmiş məhkəmə qətnaməsi üzrə ödənilməli olan borcu aldığı vəzifə maaşına yönəltməyə borcludur. Göstərilənlərə əsasən onun barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından olan Şamaxı Rayon Məhkəməsinin 2(011)-947/2020 saylı, 30 noyabr 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 5000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5030 manat məbləğində pul alınaraq X1 ödənilməlidir. İş materialında olan Şamaxı rayon icra və probasiya şöbəsinin “İcraata başlamaq haqqında” qərarlarından göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Şamaxı rayon icra və probasiya şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan qəbzdən görünür ki, Şəxs tərəfindən 500 manat ödəniş edilmişdir. İş materialında olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında konstruktor-rəssam vəzifəsində çalışır və vəzifə maaşı 730 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarında Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməllə yəni, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar