Məhkəmə qərarları › İş №3(074)-448/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-448/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-448/2023 25.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxsin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahat verib bildirdi ki, 16 mart 2023-cü il tarixli, 2(074)-11/2023 saylı icra sənədinə əsasən, JN-140 saylı 41001004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçı Zərərçəkmiş şəxs məxsus olan torpaq sahəsinin 0,05 ha hissəsi cavabdeh Şəxs tərəfindən boşaldılmalı və həmin hissədə cavabdeh tərəfindən çəkilmiş dəmir tor sökülsün, torpaq sahəsi iddiaçının əməli istifadəsinə qaytarılmalıdır. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş təqdim edilmişdir. Borclu Şəxs icra sənədini qismən icra etmiş, lakin hasarı sökməkdən imtina etmişdir. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmiş və borclu həmin qərar və bildirişdən məlumatlıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, zərərçəkmiş şəxsin nümayəndəsi X4 ona demiş ki, dəmirləri söksün, razılaşsınlar, indi isə deyir ki, daş hasarınıda söksün. Onun daş hasarı həmin Zərərçəkmiş şəxs məxsus olan torpaq sahəsinin 0,05 ha içinə düşür. Əvvəl onlar razılaşmışlar ki, zərərçəkmiş şəxsə torpağına görə pul versin, o da onların evində 2000 manatlıq təmir işləri görmüş, amma hazırda 2000 manat pulunun qaytaracağını bildirmişdir. Hasarı sökmək istəmir. Buna görədə məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X4 izahat verib bildirdi ki, borclu ona torpağa görə 5000 manat pul verməlidir. Borclu onun evində 2000 manatlıq təmir işləri görmüş, qalan 3000 manatı isə verməmişdir. İndi isə onun 2500 manat da verməsini razıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(074)- 11/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, JN-140 saylı 41001004 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçı Zərərçəkmiş şəxs məxsus olan torpaq sahəsinin 0,05 ha hissəsi cavabdeh Şəxs tərəfindən boşaldılmalı və həmin hissədə cavabdeh tərəfindən çəkilmiş dəmir tor sökülsün, torpaq sahəsi iddiaçının əməli istifadəsinə qaytarılmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 15 may 2023-cü il tarixli 2646/4 saylı bildirişin surətindən görünür ki, borclu Şəxs könüllü icranı təmin edilməsi təklif olunması barədə bildirişin borclunun ünvanına göndərilməsi və həmin ünvanda qəbul edilməsinə dair poçt xəbərnaməsi əlavə edilməmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 15 may 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan işin naturada icra olunması ilə əlaqədar icra işinin yerləşdiyi torpaq sahəsində olmuşlar. Sökülməsi nəzərdə tutulan torpaq sahəsinin döngə nöqtələri böyük icra məmuru və tələbkarın (zərərçəkmiş) nümayəndəsinə göstərilmişdir. Göstərilən 0,05 ha ərazisinin təyinat nöqtələri işarələnmiş, lakin borclu iştirak etmədiyində söküntü işlərinin aparılmaı mümkün olmamışdır. Məhkəmə, iş materiallarına və proses iştirakçısının izahatına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatdan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmişdir. Belə ki, Şəxs icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası barədə bildirişi almasına dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Belə olan halda borcluya tələbin könüllü icrası barədə müəyyən edilmiş müddət keçmədiyindən onun məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar