Məhkəmə qərarları › İş №3(074)-46/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-46/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-46/2025 30.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23871481 saylı inzibati tənbeh vermə qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə tərtib edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23871481 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2033-cü il tarixədək onun etibarnamə ilə istifadəsində “Hyundai Elantra” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. X4 Çıxarılmış nüsxəsini bu ərizəyə daxil etdiyi xx.xx.2024-cü il tarixdə onun adına yazılmış inzibati xəta üzrə cərimə qərarından görünür ki, guya həmin tarixdə o, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitəsini idarə edib icbari sığorta müqaviləsini bağlamamasına görə AR İXM-nin 328.2 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və buna görə ona 400 (dörd yüz) manat cərimə yazılmışdır. Halbuki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmayıb və həmçinin o, icbari sığorta müqaviləsini bağlamış və buna dair müddəti ötürməmişdir. Digər tərəfdən isə onu cərimə edən orqan sübutları ona təqdim etməkdən imtina etmiş və bu inzibati xəta üzrə foto və ya videogörüntünü təqdim etməmişdir. AR İXM-nin 75-76-cı maddələrinin tələblərinə görə şəxsin inzibati xəta törətməsi barədə sübutlar təqdim edilməlidir. Məhkəmə iclasında X3 əlavə izahat verərək bildirmişdi ki, onun istifadəsində olan “Hyundai Elantra” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta müddətinin bitməsini unutmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixli, EQ 23871481 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə ona yazılmış olan 400 manat cərimə cəzasını ödəməyə maddi imkanı olmadığından ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında EQ 23871481 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən edilmiş hərəkət sürətini aşmasına və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Belə ki, iş materiallarında olan Şamaxı RPŞ-nin sorğuya cavab məktubundan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə törətdiyi qayda pozuntusu ilə əlaqədar İXM-nin 327.7-ci maddəsi ilə sürücü tərədindən bir il ərzində 20 və daha çox bal toplamasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 27.4-cü maddəsinə əsasən, bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. İş materiallarından və işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi, inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23871481 saylı İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23871481 saylı İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar