Məhkəmə qərarları › İş №3(074)-461/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-461/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-461/2024 20.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlu katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı Rayon Məhkəməsinin 3(074)-461/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli - 704 (yeddi yüz dörd) manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmənin qərarından Şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-341/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Şamaxı Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 3(074)-461/2024 nömrəli qərarı ləğv edilmiş və material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o avtomobilə qəsdən zərər vurmamış, həmin avtomobilin icra məmuruna məxsus olmasını bilməmiş və onun icra məmuru Zərərçəkmiş şəxs icraatında heç bir işi olmamışdır. Belə ki, gecə vaxtı həmin ərazidə it olmuş və o, daşı itə atmışdır. Lakin ehtiyatsıqlığı üzündən atmı olduğu daş tanımadığı maşına dəymişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, o, xx.xx.2024cü il tarixdə ona məxsus olan “KİA Sorento” minik markalı, **-ZY-*** dövlət nömrə nişanlı avtomobilin arxa şüşəsinin daşla sınması barədə Şamaxı RPŞ-yə müraciət etmişdir. Daha sonra həmin hadisəni Şəxs olduğunu bilmişdir. Şəxs təqsiri səbəbindən ona 500-600 manat zərər dəymişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsəində inzibati tənbeh vermə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şamaxı Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Şamaxı Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsində Şəxs vətəndaş Zərərçəkmiş şəxs məxsus “KİA SORENTO” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini qəsdən məhv etmişdir. İş materiallarında olan Şamaxı Servis və Ticarət Xidməti tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 08 saylı rəydən görünür ki, “KİA SORENTO” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsinin sındırılması nəticəsində ona ümumilikdə 704 (yeddi yüz dörd) manat məbləğində maddi ziyan dəyməsi göstərilmişdir. İş materiallarında olan 06 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Zərərçəkmiş şəxs verilməklə qəbul edilmiş qərardan narazı qaldığı halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüququnun olduğu ona izah edilmiş, Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsinə əsasən tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərilmiş, toplanmış material saxlanması üçün Şamaxı rayon polis şöbəsinin arxivinə verilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin TQ-nın baş təhqiqtçısı, polis baş leytenantı Vüqar Meharliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs 26 aprel 2024-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək 25 aprel 2024-cü il tarixdə Eşqin adlı şəxsin idarə etdiyi Kia Sorento markalı **-ZY-*** d-q nişanlı avtomobilin arxa şüşəsinin daşla sındırmasını göstərməklə, həmin şəxs barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı 25 aprel 2024-cü il tarixdə ünvan 4 ünvanda yaşayan Şəxs Zərərçəkmiş şəxs məxsus "Kia Sorento" marakalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsinin sındırması nəticəsində ona ümumilikdə 550 (beş yüz əli) və 600 (altı yüz ) məbləğində maddi ziyan yetirməsi faktı alınmış izahatlar ilə keçirilmiş baxış zamanı çəkilmiş fotoşəkillər ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta hesab edilmişdir. Odur ki, ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında ünvan 4 ünvanda yaşayan Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri, A.Məmmədağa küçəsində Şəxs vətəndaş Zərərçəkmiş şəxs məxsus “KİA SORENTO” minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sırdırmaqla müddi zərər dəymişdir. Belə ki, Şəxs barəsində inzibati tənbeh tədbiri inzibati xətanın törədildiyi gündən 4 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək seçilə bilərdi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar