Məhkəmə qərarları › İş №3(074)-474/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-474/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-474/2023 24.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayonu Yol patrul inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1971-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 334.1 və 334.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 334.1 və 334.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayonu YPX inspektoru, polis baş serjantı X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə “VAZ 21061 minik” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan, idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Həmçinin Şəxs il ərzində ikinci dəfədir ki, həmin xətanı törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1, 332.2 və 334.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə “VAZ 21061 minik” markalı **- OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini srücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etmişdir. Etdiyi əməldən peşmandır nəzərə alınmasını xahiş edir. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, bu il daha əvvəl də sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:05 radələrində Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 1.000 promildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:35 radələrində “VAZ 21061 minik” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1, 332.2 və 334.2-ci maddələrindən nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin DYPB-nin rəisi, polis polkovnik-leytenantı Rəşad İsmayılov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs sürücülük vəsiqəsinin olub-olmaması barədə Azərbaycan Respublikası DİN-nin Baş DYP İdarəsinin Mərkəzi Məlumat Xidmətinin bazasında yoxlanılmış və Şəxs sürücülük vəsiqəsinin olmaması müəyyən edilmişdir. İş materiallarında olan İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “RENAULT KANGOO” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1, 334.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə həmin maddə ilə təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. İş materiallarında olan İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.20219-cu il tarixdə “VAZ 2121” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 333.2, 332.1, 334.1, və 342.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə həmin maddə ilə təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. İş materiallarında olan İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdə “VAZ 2121” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 333.2, 332.1, 333.1, 334.1, və 342.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə həmin maddə ilə təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.2-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 334.2-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1 və 334.2-ci maddələri ilə yanaşı, həmçinin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 noyabr 2023-cü il tarixdən, saat 15:25-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar