Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-477/2023 05.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cüildə Şamaxı rayonu, Qaladərəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Şamaxı rayonu Qaladərəsi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)- 109/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X2 və Şəxs tərəfindən zəbt edilmiş ərazi 2metr x 2metr ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyi cavabdehlərin həyətindən kənara çıxarılmalıdır. İcra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixində Şəxs yaşadığı ünvana gəlmişlər və onun həyətinə daxil olaraq məhkəmə qərarında göstərilən zəbt edilmiş ərazi hesab olunan ərazini boşaldaraq ümumi istifadə olan su mənbəyini onun həyətindən kənara çıxartmışlar. Daha sonra xx.xx.2023-cü il tarixdə təkrarən mübahisə olunan əraziyə yenidən getmişlər borclu Şəxs icra sənədində göstərilən su mənbəyindən tələbkarın su xətti çəkilməsinə və sudan istifadə etməsinə maneəçilik törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə foto şəkillər təqdim edərək izahat verib bildirdi ki, o məhkəmə qərarında göstərilən tələbi tam olaraq yerinə yetirmişdir. Belə ki, icra məmurları xx.xx.2023-cü il tarixində onun yaşadığı ünvana gəlmişlər və onun həyətinə daxil olaraq məhkəmə qərarında göstərilən zəbt edilmiş ərazi hesab olunan ərazini boşaldaraq ümumi istifadə olan su mənbəyini onun həyətindən kənara çıxartmışlar. Bu zaman onlar sərbəst şəkildə onun həyətinə daxil olmuşlar və mübahisə olan əraziyə gedərək məhkəmə qərarında göstərilən tələbi icra etmişlər. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə təkrarən icra şöbəsinin əməkdaşları onun yaşadığı Şamaxı rayonu Qaladərəsi kəndində yerləşən onun yaşadığı ünvana gəlmişlər və mübahisə olunan əraziyə gedərək məhkəmə qərarında göstərilməyən tələblər irəli sürmüşlər. Bu tələb su mənbəyindən suyun boru vasitəsi ilə Zərərçəkmiş şəxs həyətinə çəkilməsindən və su mənbəyi üzərində hovuz tikilərək su mənbəyin yerinin dəyişdilməsindən ibarət olmuşdur. O, tələblə razı olmamışdır. Ona görə də, məhkəmə qərarında təmin olunmayan tələbləri yerinə yetirməyə borclu deyildir. Həmçinin Zərərçəkmiş şəxs həmin su mənbəyindən öz həyətinə su çəkməsinə etiraz etmir, lakin onun həyətindən su borusunun keçirilməsinə razı deyil. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçidir. Məhkəmə qərarı ilə su mənbəyi cavabdehin həyətindən kənara çıxarılmalı olsa da, Şəxs həmin sudan onun istifadəsinə hələ də maneçilik törədir. O, təmiz su içmək istəyir. Buna görə həmin su mənbəyindən hovuz tikdirib, oradan öz həyətinə su çəkdirmək istəsə də Şəxs buna mane olur. Odur ki, Şəxs məsuliyyətdən boyun qaçırdığı üçün barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra Hakimiyyəti başçısının Qəleybuğurd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi X4 izahat verib bildirdi ki, məhkəmə qərarında göstərilən zəbt edilmiş ərazi hesab olunan ərazi 2metr x 2metr ölçüdə boşaldılaraq ümumi istifadə olan su mənbəyi Şəxs həyətindən kənara çıxarılmışdır. İcra sənədində göstərilən su mənbəyinin borclu Şəxs həyətyanı torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Su mənbəyinin yerləşdiyi ərazi neytral zonadadır. Həmin su mənbəyi bir kəndi su ilə təmin etmək üçün kifayət edər. İş materialarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-109/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X2 və Şəxs tərəfindən zəbt edilmiş ərazi 2metr x 2metr ölçüdə boşaldılmaqla ümumi istifadədə olan su mənbəyinin cavabdehlərin həyətindən kənara çıxarılmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borcluya icranı könüllü 10 gün müddətinə təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan №3339/4 saylı 31 iyul 2023-cü il tarixli bildirişin surətindən görünür ki, borcluya barəsində olan borcun icrasını könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, icra sənədində göstərilmiş Şamaxı rayonu. Qaladərəsi kəndində yerləşən ərazidə olmuşlar. Göstərilən 2 metr x 2 metr ərazi tərəflərindən, tərəflərin iştirakı ilə boşaldılmışdır. Su mənbəyinin ətrafı tam şəkildə təmizlənmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə suyun mənbəyi icra vərəqəsində göstərilən qaydada 2 metr x 2 metr açılsa da tələbkar Zərərçəkmiş şəxs həmin mənbədən özü üçün su götürə bilmir. Borclu Şəxs icra sənədində göstərilən su mənbəyindən tələbkarın su xətti çəkilməsinə və sudan istifadə etməsinə maneəçilik törətmişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materiallarından, həmçinin proses iştirakçılarının izahatlarından görünür ki, məhkəmə qərarında göstərilən zəbt edilmiş hesab olunan ərazi boşaldılaraq ümumi istifadə olan su mənbəyi Şəxs həyətindən kənara çıxarılmışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində borclu olduğu icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-477/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-477/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver