Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-481/2025 20.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 noyabr 2025-ci il tarixli, EQ 31731156 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 noyabr 2025-ci il tarixli, EQ 31731156 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 şikayət verərək həmin qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 16:08 radələrində “Mercedes Benz” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilimi Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Bravo” marektin qarşısında saxladığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 02 noyabr 2025-ci il tarixli qərar qəbul edilmiş və o, 80 manat və 2 cərimə balı cərimə olunmuşdur. Hesab edir ki, qeyd edilən inzibati tənbeh vermə haqqında 02 noyabr 2025-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 16:08-də “Mercedes Benz” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilini Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Bravo” marektin qarşısında saxlayıb marketə girmiş və 3-5 dəqiqə olmadan geri qayıdıb avtomobililə yoluna davam etmişdir. Yəni, uzun müddət həmin yerdə dayanmamışdır. Bunun üzərindən 4 saatdan çox vaxt keçdikdən sonra cərimə edildiyi barədə məlumatlandırılmışdır. Elektron portal vasitəsilə cərimə protokoluna baxdıqdan sonra müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:08-də foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə cərimə edilmişdir. Lakin inzibati tənbeh vermə haqqında qərarda pozuntunun xx.xx.2025-ci il tarixdə, saat 20:12-də baş verdiyi qeyd edilmişdir. Yəni, qeyd edilmiş qayda pozuntusu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə məlumatlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və təsdiq edilmiş həmin qərar real vaxt rejimində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməlidir. Lakin, müvafiq foto şəkildəki (şikayətə əlavə edilib) vaxtla (xx.xx.2025-ci il, saat 16:08) inzibati tənbeh vermə haqqında qərarın vaxtı (xx.xx.2025-ci il, saat 20:12) arasında 4 saatdan çox vaxt keçməsi aydın şəkildə görünür. Yəni, xx.xx.2025-ci il tarixdə, saat 16:08-də foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş qayda pozuntusu real vaxt rejimidə göndərilməli olduğu halda, qeydə alındıqdan 4 saatdan çox keçdikdən sonra - qanunvericiliyin tələbi ciddi şəkildə pozularaq icra edilmişdir. Bu hal isə qərarın qanunsuz olduğunu sübuta yetirir. Məhkəmə, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsində xx.xx.2025-ci il tarixdə saat 20:12 radələrində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqosqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən hal araşdırlmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Belə ki, səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.6-ci maddəsinə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş 02 noyabr 2025-ci il tarixli, EQ 31731156 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş 02 noyabr 2025-ci il tarixli, EQ 31731156 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-481/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-481/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver