Məhkəmə qərarları › İş №3(074)-488/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-488/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-488/2024 04.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1977-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 332.1, 332.2 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 332.1, 332.2 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, avtomobili idarə edib yolun kənarına gəlmiş və həyat yoldaşının işdən gəlməsini gözləmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşmışdır. Polislər ona yaxınlaşan zaman avtomobil dayanmış vəziyyətdə olmuş, yanında heç kəs olmamışdır. O, narkotik vasitəsinin istifadəçisi deyil, ola bilsin bir neçə müddət əvvəl toyda bilmədən istifadə etmişdir. Onun B kateqoriyalı sürücülük vəsiqəsi yoxdur. Nəqiliyyat vasitəsi qardaşına məxsusdur, avtomobili idarə edərkən qardaşı yanında olmamışdır. O, törətdiyi əmələ görə çox peşmandır. Odur ki, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şamaxı rayonu Yol patrul xidməti inspektor, polis baş serjantı X1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 03:50 radələrində Şəxs idarə etdiyi “VAZ 21102” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 332.1, 332.2 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli, 3432 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə zamanı Şəxs sidiyində marixuana qəbul etməsi faktı aşkarlandır. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs sürücülük vəsiqəsinin olub-olmaması Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsinin Mərkəzi Məlumat Xidmətinin bazasında yoxlanılmış, Şəxs məxsus sürücülük vəsiqəsində B kateqoriyası olmaması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, Şəxs etirafedici izahatının dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinməli və ona İXM-nin 334-1.1-ci maddəsinin sansiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə yanaşı, həmçinin 332.1, 332.2 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayonu Yol Patrul Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayonu Yol Patrul Xidmətinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar