Məhkəmə qərarları › İş №3(074)-493/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-493/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-493/2023 22.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru polis baş leytenantı X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 11.43 radələrində idarə etdiyi Renault Meqane markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şamaxı avtovağzal dairəsini keçərək Bakı istiqamətində hərəkət etməyə başlayan zaman Yol patrul xidmətinin inspektoru X4 onu saxlayaraq bildirmiş ki, yol hərəkəti haqqında qaydaların 327.2-ci maddəsinin tələblərini pozmuş, dairədən aşağı sürətlə keçmişdir. O, bildirmiş ki, dairədə yüksək sürətlə necə hərəkət etməlidir, sağdan gələn nəqliyyat vasitələrini gözləməlidir, sonra keçməlidir, təxminən 30-40 km/saat sürətilə hərəkət çox yavaşdırmı? Demiş ki, bu sürətlə o, digərlərinin hərəkətlərinə mane ola bilər. Demiş ki, “dairədə kamera var, görüntülər çıxar, baxaq, görək mən qaydasında keçmişəm, yoxsa yox”. Demiş ki, o, protokol yazacaqdır, verər məhkəməyə, onda o, da görüntüləri məhkəməyə təqdim edəcəkdir. Bundan sonra o, yoluna davam etmişdir. Az sonra ona inzibati xəta törətməyi və 80 manat cərimə olunmağı barədə mesaj gəlmişdir. Hazırda o, həmin qərardan narazıdır. O, bu qərarı əsassız hesab edir. Həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 izahat verərək bildirdi ki, əsas yoldan gələn avtomobillərə heç bir mane olmamış, avtomobilləri gözləyib və sonra keçmişdir. Həmin vaxt polis maşını ondan xeyli uzaqda olmuş, lakin sürətlə hərəkət etdiyindən gəlib ona tez çatmışdır. Odur ki, barəsində qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru polis baş leytenantı X4 izahat verərək bildirdi ki, X3 idarə etdiyi avtomobillə dairəyə daxil olduqdan sonra Bakı şəhəri istiqamətinə hərəkət etmək üçün sağdan gələn avtomobilləri gözləyib sonra hərəkətə başlamalı olduğu halda bunu etməmiş, əsas yola çıxdıqdan sonra isə aşağı sürətlə hərəkət etdiyindən avtomobilin əyləcin sıxmağa məcbur olmuşlar. Həmin şəxsdən sənədlərini tələb etdikdə isə o, onlara məhəl qoymadan avtomobili sürüb getmişdir. Ona görədə barəsində protokol tərtib olunmuşdur. X1 etdiyi qayda pozuntusunu təsdiq edən görüntülər olan 1 ədəd diski məhkəməyə təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 08 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 11:43 radələrində Şamaxı şəhəri, Avtovağzal dairəsində RENAULT MEGANE” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat cərimə edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X3 “RENAULT MEGANE” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqlliyyat vasitəsini idarə edərək yolayrıcına daxil olarkən sağdan gələn avomobilin keçməsini gözləmədən əsas yola çıxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar 42-ci maddəsininin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. 42-ci maddəsininin 15-ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. 48-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar. Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 nəqlliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarına riayət etməməsi inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar