Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-5/2024 18.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, X1 iştirakı ilə, Şamaxı rayon Yol Patrul Xidmətinin inzibati tənbeh vermə haqqında 05 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Yol Patrul Xidmətinin inzibati tənbeh vermə haqqında 05 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 05 noyabr 2023-cü il tarixdə İPX5816256 saylı protokolla 80 manat məbləğində pul və 3 bal cərimə olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixində qonaq getdiyi Şamaxı rayonu B.Əzizov küçəsindən Bakı-Şamaxı-Yevlax yoluna çıxdıqdan sonra əks istiqamətli hərəkət zolağına çıxmadan qarşıda gedən yük avtomobili sürəti az olduğundan sağa çəkilməsi nəticəsində o, və ondan əvvəlki nəqliyyat vasitələri ötmə əməliyyatı yerinə yetirmişlər. Bu zaman qarşıdan gələn DYP-nin əməkdaşları tərəfindən təkcə onun nəqliyyat vasitəsi saxlanılmış və avtomobilə yaxınlaşılaraq, özünü təqdim etməyən polis əməkdaşı sənədlərinin qaydasında olduğu soruşulmuş və avtomobildən enməyini tələb edilmişdir. Avtomobildən endikdən sonra polis əməkdaşı əvvəlcə əks istiqamətli hərəkət zolağına çıxdığını, inzibatı xəta törətdiyini bildirmişdir. Heç bir inzibati xəta törətmədiyimi və nəqliyyat vasitəmdə video- qeydiyyatçı olduğunu bildirdim. Daha sonra özünü təqdim etməyən polis əməkdaşı fikrini dəyişərək əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə əməliyyatı etdiyini bildirmişdir. O, etiraz etmiş və protokol tərtib etmələrini tələb etmişdir. Polis əməkdaşı tərəfindən protokol tərtib edilməmiş və o, öz avtomobilinə minərək ordan uzaqlaşmışdır. Bildirmək istərdi ki, nəqliyyat vasitəsində video-qeydiyyatçı mövcudur, məsələ ilə bağlı hallar öz əksini tapmışdır. Sübut qismində təqdim etməyi mümkündir. Yuxarıda qeyd etdiyi hallar, həmçinin əks istiqamətli hərəkət zolağına çıxmadığı video görüntülərdə öz əksini tapmışdır. “ASAN PAY” ödəniş portalına daxil olduğu zaman İXM-nin 327.1-ci maddə üzrə 80 manat pul cəriməsi və 3 cərimə balı qeyd edildiyini görmüşdür. Belə ki, 327.1-ci maddə üzrə inzibati xətanın törədilməsində təqsirli olduğu iddia edilsə də, cərimə məbləği yüksəkdir və 3 cərimə balı yazılmışdır. Həmin maddə üzrə belə sanksiya mövcud deyildir. İXM-nin 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına qörə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən. Svetoforun və ya nizamlayıcmın qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. “ASAN PAY” ödəniş sisteminə əlavə edilmiş cərimələr hissəsində inzibati xəta barəsində məlumatlar natamam əlavə edilmişdir. Belə ki, yalnız inzibati xəta barəsində cərimənin məbləği, cərimə ilə uyğun olmayan maddə, protokolun tarixi və nömrəsi qeyd edilmiş, digər heç bir məlumat əlavə edilməmişdir. Qərar barəsində isə ümumiyyətlə məlumat yoxdur. (Həmin portaldan çıxarış qoşmaya əlavə edilir). İnzibati xəta haqqında məlumatlar kabinetə qanunun tələblərinə uyğun yerləşdirilməmiş, hətta İnzibati xəta olduğu iddia edilən maddə belə düzgün tövsif edilməmişdir. Bundan dərhal sonra həmin kabinet vasitəsi ilə əsaslı şikayət yazaraq BDYPİ-yə göndərdim və xahiş etmişdir ki, protokol və qərarın surətini ona təqdim etsinlər. Hətta müddətin uzanmaması və daha operativ olsun deyə İnzibati xəta haqqında protokol və qərarın elektron poçt ünvanına göndərilməsini xahiş etmişdir. 1 aydan daha uzun müddət keçməsinə baxmayaraq, həmin qərar və protokol ona təqdim edilməmişdir. xx.xx.2023-cü tarixində ona SMS bildirişi vasitəsi ilə İPX ******* protokola əsasən cərimə edildiyi və artıq dəbbə pulu hesablanacağına dair mesaj gəlmişdir. Hesab edir ki, inzibati icraat aparılan zaman İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun aparılmamışdır. 1 aydan yuxarı müddət keçməsinə baxmayaraq, inzibati xəta ilə bağlı məlumatlar sistemə əlavə edilməmiş, iddia edilən inzibati xətanın SMS bildirişi belə 1 aydan sonra göndərilmişdir. Bu məsələ ilə bağlı DİN-yə dəfələrlə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, Şamaxı rayon Yol Patrul Xidmətinin inzibati tənbeh vermə haqqında 05 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Şamaxı rayon Yol Patrul Xidmətinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 05 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 80 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməsi üçün Şamaxı rayon Yol Patrul Xidmətinin inzibati tənbeh vermə haqqında 05 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Şamaxı rayon Yol Patrul Xidmətinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı rayon Yol Patrul Xidmətinin inzibati tənbeh vermə haqqında 05 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şamaxı rayon Yol Patrul Xidmətinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şamaxı rayon Yol Patrul Xidmətinin inzibati tənbeh vermə haqqında 05 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Şamaxı rayon Yol Patrul Xidmətinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-5/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-5/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver