Məhkəmə qərarları › İş №3(074)-502/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-502/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-502/2024 15.07.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Şamaxı rayonu, Məlikçobanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şamaxı rayonu, Məlikçobanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Şamaxı şəhəri, N.Nərimanov küçəsində uca səslə nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri Nəriman Nərimanov küçəsində alkoqollu içkinin təsirində olduğu üçün idarə etdiyi ‘VAZ 2106” markalı avtomobili ilə qəza törətmiş, daha sonra DYP əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, içkili olduğunu görüb onu şöbəyə gəlməyini istəmişlər, oda getmişdir, lakin onu alkotester vasitəsilə yoxlamaq istəyən zaman o, bundan imtina etmiş və nalayiq ifadələr etmişdir. Əlavə olaraq bildirdi ki, o, içkili olduğundan etdiyi əməlləri tam xatırlamır. Gözünün ətrafında olan xəsarətlər qəza etdiyi zaman olmuşdur. O, etdiyi əmələ görə çox peşmandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru X4 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Dilqəm Mahmudovla birlikdə Şamaxı şəhəri, N.Nərimanov küçəsində xidmətdə olan zaman, yolun kənarında yerləşən kanala düşərək idarə etməni itirib işıq dirəyinə dəyən "VAZ 2106” markalı **-BJ-*** D.Q nişanlı nəqliyyat vasitəsi görmüşlər, onlar hadisə yerinə yaxınlaşmişlar, hadisə yerini müayinə edən zaman sürücü maşından düşərək onlara bildirmiş ki, içki içib maşınını aşırtmışdır. Onlar sürücüyə sakit olmasını bildirib, onu Şamaxı RPŞ-nə dəvət etmişlər. Sürücü onlarla polis şöbəsinə gəlmişdir. Şamaxı RPŞ-də sürücünü alkotester vasitəsilə yoxlamaq istəyən zaman, o, alkotesterdən keçmək istəmədiyini bildirmiş, onu nizam intizama dəvət etmişlər, amma sürücü aqressivləşərək onların ünvanına nalayiq ifadələr işlətmiş, onlar sürücünü nə qədər sakitləşdirsələrdə o, öz hərəkətlərinə davam etdirmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, sürücü alkotesterlə müayinədən keçmək barədə onların qanuni tələblərini yerinə yetirməmiş, onlara başqa tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru X2 şahid Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X4 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru Ziya Güliyevin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Dilqəm Mahmudovla birlikdə Şamaxı şəhəri, N.Nərimanov küçəsində xidmətdə olan zaman, yolun kənarında yerləşən kanala düşərək idarə etməni itirib işıq dirəyinə dəyən "VAZ 2106” markalı **-BJ-*** D.Q nişanlı nəqliyyat vasitəsi görmüşlər, onlar hadisə yerinə yaxınlaşmışlar, hadisə yerini müayinə edən zaman sürücü maşından düşərək onlara bildirmiş ki, içki içib maşınını aşırtmışdır. Onlar sürücüyə sakit olmasını bildirmişlər, sürücünü Şamaxı RPŞ-nə dəvət etmişlər. Şamaxı RPŞ-də alkotester vasitəsilə yoxlamaq istəyən zaman, alkotesterdən keçmək istəmədiyini bildirmiş, onu dəfələrlə nizam intizama dəvət etmişlər, amma sürücü aqressivləşərək onların ünvannına nalayiq ifadələr işlətmiş, onlar sürücünü nə qədər sakitləşdirsələrdə o öz hərəkətlərinə davam etdirmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında AZA 019705 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:25-də inzibati qaydada tutulmuşdur. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasını faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs sərxoşlüq vəziyyətinin aydınlaşdırılması üçün müayinədən keçməkdən imtina etməsi Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin deyil, Azərbaycan Respublikası İXM-in 343-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6 (altı) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 14 iyul 2024-cü il tarix, saat 01:25-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar