Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-525/2023 26.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1984-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Mədrəsə kəndində yerləşən Alpaka fermasında qaydalara zidd hərəkət etmiş, uca səslə asayişi pozmuş, kənar şəxslərin narahatlığına səbəb olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixində Şamaxı rayonunda yerləşən Alpaka heyvanları saxlanılan ünvana Bakı şəhərindən öz avtomobili ilə müştəri gətirmişdir. Həmin vaxt qonaqlar avtomobildən düşdükdən sonra, o, avtomobil dayanacağında avtomobilinin yanında təxminən 10 dəqiqə dayanmış, sonra avtomobilinə əyləşmiş avtomobildən heyvanları telefon vasitəsi ilə çəkməyə başlamışdır. Nəzarətçi ona yaxınlaşaraq, video çəkliş aparmağına icazənin olmadığını bildirmişdir. O, həmin nəzarətçiyə bildirmişdir ki, Azərbaycan vətəndaşıdır oda çəkiliş aparmaq istəyir. Sonra onlara bir xanım yaxınlaşmış nəzarətçidən onun nə dediyin soruşmuşdur. Həmin vaxt onlarla onun arasındada sözlə mübahisə yaranmış nəzarətçi və həmin xanım işçi, ona bildirmişlər ki, onu bir daha bura girməyə icazə verməyəcəklər. Oda müştəriləri götürərək yoluna davam emişdir. O, etdiyi əmələ görə çox peşmandır, orada mübahisə etdiyi işçilərdən üzr istəmişdir. Ailəli olmaqla iki uşağı var və yoldaşı hamilədir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verib bildirdi ki, xx.xx.2023cü il tarixdə işlədiyi Alpaka MMC-də olan zaman tanımadığı şəxs avtomobili ilə Alpaka MMC-yə daxil olaraq avtomobilini duracaq yerində deyil kənarda saxlayaraq mahnıya yüksək səs vermiş, bu qonaqların narazılığına səbəb olduğu üçün o, efir vasitəsi ilə mühafiəçi Nurullaya həmin şəxsə yaxınlaşaraq mahnının səsini almağı bildirmiş və Nurulla həmin şəxsə yaxınlaşaraq irad bildirən zaman sürücü ictimai qaydanı pozaraq nalayiq ifadə işlətməyə başlamışdır. O, həmin şəxsin onun ünvanına nalayiq ifadələr işlətməsini eşidib, həmin şəxsə yaxınlaşmış, ona nə üçün söyüş söydüyünü bildirdikdə o, ona “digər şəxslərə videoya çəkmək olar, mənə isə yox” ifadələrini işlətmişdir. Bundan sonra o, oradan uzaqlaşmışdır. Əlavə olaraq bildirdi ki, həmin şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, amma sonradan həmin şəxs dəfələrlə ondan üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZ № 019680 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsaəsn inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, onun həmin maddənin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-525/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-525/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver