Məhkəmə qərarları › İş №3(074)-53/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-53/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-53/2023 28.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X2 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1994-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə İnzibati xəta haqqında İXP ******* nömrəli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib olunmuşdur ki, o, 28 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Şamaxı rayon ərazisində avtoxuliqanlıq etdiyi üçün saxlanılan zaman, polisin qanuni əmrinə tabe olmamış, daha sonra avtomobil saxlandıqdan sonra, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qismən etirafedici izahat verərək bildirdi ki, 28 fevral 2023-cü il tarixdə, saat 17 radələrində özünə məxsus “Opel Astra” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili Şamaxı şəhərinin ərazisində idarə edərkən, avtoxuliqanlıq hərəkətləri etmiş, daha sonra yol-patrul xidmətinin əməkdaşları onu şəhərin N.Nərimanov küçəsində saxlamışlar və avtoxuliqanlıq etdiyinə görə, onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt o, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Lakin, o, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Etdiyi əməlindən hazırda peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X4 göstərdi ki, Şəxs aldı şəxs 28 fevral 2023-cü il tarixdə, saat 17 radələrində Şamaxı rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə, saxlanılan zaman polisin qanuni əmrinə tabe olmamış, avtomobil saxlandıqdan sonra isə onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla bağlı, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayonu Yol patrul xidmətinin baş inspektoru X3 ifadəsində bildirdi ki, 28 fevral 2023-cü il tarixdə, saat 17 radələrində “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə “Opel Astra” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün rayon ərazisində avtoxuliqanlıq etdiyi müəyyən edilmişdir. Daha sonra, avtoxuliqanlıq edən, adı sonradan məlum olan Şəxs idarə etdiyi avtomobilə xidməti avtomobil ilə “saxla” əmri verilsə də, həmin şəxs qanuni əmrinə tabe olmayaraq, öz qərəzli hərəkətlərini davam etdirmişdir. Bundan sonra, Şamaxı RPŞ-nin PPXB-nin əməkdaşlarının köməkliyi ilə Şəxs adlı sürücünün idarə etdiyi avtomobil şəhərin N.Nərimanov küçəsində saxlatdırılmışdır və özlərini təqdim etdikdən sonra, sonuncuya yol verdiyi qanun pozuntusu izah edilsə də, həmin sürücü etirazını bildirərək, mübahisə etməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra onlar həmin şəxsi barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin komandiri X1 məhkəmə iclasında dindirilmiş şahid X3 ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin komandiri Eliyar Səmədovun raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Şamaxı RPŞ-nin DYPB-nin avtoxuliqanlıq etdiyi üçün saxlanılması vacib olan **-HB-*** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılan zaman, adı sonradan məlum olan sürücü Şəxs özünü qeyri-səmimi apararaq, DYPB-nin əməkdaşlarının və orada olan PPXB-nin əməkdaşlarının qanuni tələblərinə tabe olamayaraq, dəfələrlə nizam-intizama dəvət edilməyinə baxmayaraq, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün RPŞ-yə gətirilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə “Opel Astra” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən nəqliyyat vasitəsi qəflətən sürətləndirilməklə, davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına yol verilmişdir. Göründüyü kimi, Şəxs tərəfindən inzibati xətaların törədilməsi onun qismən etirafedici izahatı ilə yanaşı, şahidlərin ifadəsi, inzibati xəta haqqında protokollarla və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və o, daha ciddi xətanı əhatə edən İXM-nin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılırması və inzibati qaydada həbs növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 28 fevral 2023-cü il tarixdən, saat 19:30-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar