Məhkəmə qərarları › İş №3(074)-545/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-545/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-545/2025 05.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayət verən - X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31661421 nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31661421 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, axşam saatlarında çox yüksək qan təzyiqi olduğu üçün, həyat yoldaşını təcili olaraq xəstəxanaya çatdırmalı olmuşdur. Həmin vaxt idarə etdiyi avtomaşın radara düşmüş və o, 50 manat cərimə edilmişdir. Maddi vəziyyətinə görə, həmin cəriməni ödəyə bilmir. Göstərilənlərə əsasən, qeyd olunan qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Mercedes” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həyat yoldaşını xəstəxanaya apararkən, tələsdiyindən sürət həddini aşmış və nəticədə, 50 manat məbləğində cərimə edilmişdir. Müharibə veteranıdır və ona əlilliyə görə pensiya təyin olunmuşdur. Lakin, hazırda pensiya ödənişi dayandırılıb və bu səbəbdən, cərimə məbləğini ödəyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31661421 nömrəli qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 20:15-də Şamaxı şəhəri, Cümə məscidinin qarşısı, Bakı istiqamətində “Mercedes Benz C240 minik” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmışdır. Nəticədə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotogörüntüdən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə, saat 20:15-də, Şamaxı şəhəri ərazisində, “Mercedes Benz C240 minik” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü hərəkətdə olarkən, ərazidə nəzərdə tutulmuş 50 km/saat sürət həddini aşaraq, nəqliyyat vasitəsini 82 km/saat sürətlə idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalı, hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməli, (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər), yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməli, nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. Həmin Qanunun 36-cı maddəsinin 2-ci bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 1-ci bəndinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir qanuni əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirildiyindən, həmin şəxsin barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31661421 nömrəli qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar