Məhkəmə qərarları › İş №3(074)-547/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-547/2025

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-547/2025 15.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayət verən - X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29196631 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29196631 nömrəli qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şamaxı şəhərində yerləşən "xxxx" MMC-də sürücü vəzifəsində çalışır və “Mercedes Axor” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-dən Malların təhvil-qəbul aktına əsasən, 9000 kq, yəni 9 ton yükü qəbul edib, yola çıxmışdır. Şamaxıya qayıdanda, M-4 55.3 km Qobustan rayonu, Cəngi kəndində elektron tərəzidən keçən zaman, yanından ** CN *** dövlət qeydiyyat nişanlı yük maşını keçmiş və həmin yük maşını ilə birgə elektron tərəzi çəkini 21.150 kq çəkmişdir. Avtomobilin özünün çəkisi 9 ton olmuşdur. Bu hal ona tərtib olunan EQ 29196631 nömrəli protokol üzrə çəkilmiş fotogörüntülərlə, əlində olan malların təhvil-təslim aktı ilə açıq-aşkar sübut olunur. Maşının ümumi çəkisi 18 ton olub, lakin qanunvericiliyin tələbinə əsasən, maşının iki təkər olan bir oxuna düşən yük 18 ton olmalıdır. Açıq aşkar görünür ki, avtomobilin yanından digər maşın keçən zaman, elektron tərəzi çəkini ümumi çəkmişdir. Eyni zamanda, avtomobilin bir oxuna düşən çəki 18 tondan artıq olmamalıdır. Onlar necə müəyyən edir ki, avtomobilin bir oxuna 21.150 kq çəki düşüb? Bunun üçün avtomobilin hər iki oxuna düşən çəki ölçülüb yoxlanılmalıdır. Bundan əvvəl də, həmin ərazidən keçən zaman, idarə etdiyi avtomobilin çəkisi artıq olub, cərimələnmişdir. Ondan sonra isə, çəkiyə xüsusi diqqətlə yanaşılıb, müdriyyət tərəfindən 9 tondan artıq çəki götürülməsinə qəti icazə verilməyibdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29196631 nömrəli qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 11:01-də M-4 55,3 km, Qobustan rayonu, Cəngi kəndi Yevlax istiqamətində “X5 1824 yük” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş fotogörüntülərdən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə, saat 11:01-də M-4 55,3 km, Qobustan rayonu, Cəngi kəndi Yevlax istiqamətində “X5 1824 yük” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olarkən, çəki limiti 18000 kq olmalı olduğu halda, faktiki olaraq çəkinin 21150 kq olduğu müəyyən edilmişdir. Göründüyü kimi, X2 şikayətində xx.xx.2025-ci il tarixdə, saat 11:01-də M-4 55,3 km, Qobustan rayonu, Cəngi kəndi Yevlax istiqamətində idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, həmin zaman yanından keçən digər yük avtomobili ilə birlikdə elektron tərəzi vasitəsilə nəqliyyat vasitələrinin ümumi çəkisinin müəyyən olunduğunu göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı və bu əsasla Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29196631 nömrəli qərarı ləğv edilərək, şikayətin dəlillərinə qiymət verilməsi üçün, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29196631 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar