Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-619/2024 17.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24395575 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24395575 saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, 28 oktyabr 2024-cü il tarixində onun etibarnamə ilə istifadəsində olan “Mercedes Benz E220 GDİ” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil üçün 100 (yüz) manat inzibati cərimə qərarı verilmişdir. xx.xx.2021-ci il tarixli Etibarnamədən görünür ki, həqiqətən də “Mercedes Benz E220 GDİ” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2030-cu il tarixinədək idarə etmək üçün onun istifadəsinə verilmişdir. xx.xx.2024-cü il tarixli inzibati tənbeh növü qərarından görünür ki, Bakı şəhəri, Moskva prospekti 129 ünvanında ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsinə əsasən onun barəsində 100 (yüz) manat cərimə yazılmışdır. Məhkəməyə bildirmək istər ki, o, heç vaxt qeyd edilən inzibati xətanı törətməmişdir. AR İXM-nin 75-76-cı maddələrinin tələblərinə görə şəxsin inzibati xəta törətməsi barədə sübutlar təqdim edilməlidir. Lakin həmin sübutlar yoxdur. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsinə əsasən onun adına yazılmış 100 (yüz) manat cərimə ləğv edilməlidir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24395575 saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş X1 və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş İnzibati tənbeh vermə haqqında surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:54-də Bakı şəhəri, Moskva prospekti 129 “Mercedes Benz E220 GDİ” minik markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yolda dayanma və ya durmas qaydalarının pozulması halına yol verdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.8-ci maddəsinə əsasən, 5.9, 5.10.1–5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İV hissəsinə əsasən, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından göründüyü kimi, inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə, eyni zamanda xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X1 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024cü il tarixli, EQ 24395575 saylı İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24395575 saylı İnzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-619/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-619/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver