Məhkəmə qərarları › İş №3(074)-62/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-62/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-62/2022 24.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 19.05.1980-ci ildə Şamaxı rayonu, Səfalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 15.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verib bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(074)-92/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 21 avqust 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25 iyun 2008-ci il təvəllüdlü X4, 25 noyabr 2009-cu il təvəllüdlü X3 və 24 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclu müəyyən aralarla ödənişlər etmiş, amma ödənişlər etsə də, məbləği az olmuşdur. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Şəxs izahat verib bildirmişdir ki, aylıq aliment pulunu və aliment borcu olan 1310 manat pulu ödəyə bilmir. Odur ki, borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda Şəxs icra sənədi üzrə 1310 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədində göstərilən tələbin müəyyən hissəsini icra etmiş, lakin hal-hazırda borcunu tam şəkildə ödəyə bilmir, amma müxtəlif vaxtlarda yəni, 29.12.2021-ci il tarixdə 100 manat, 03.02.2022-ci il tarixdə 270 manat, sonuncu dəfə 24.02.2022-ci il tarixdə 300 manat məbləğində ödənişlər etmişdir. Ümumiyyətlə icra sənədi icraya yönəldildiyi vaxtdan hər ay ödənişlər etmişdir. Maddi imkanı olduqca çalışıb aliment borcunu hissə-hissə ödəyərək bitirəcəkdir. Odur ki, bunları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, məhkəmənin icra sənədi icra olunmalıdır. Borclu Şəxs maddi imkanı çatan qədər borcundan ödənişlər edib. Sonuncu dəfə isə 24.02.2022-ci il tarixdə 300 manat ödəniş edib. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, o, aliment borcunun tam şəkildə ödənilməsini tələb edir, uşaqlara baxmaqda çətinlik çəkir. Vaxtında ödəniş olsaydı bu qədər aliment borcu yığılmazdı. Borclu Şəxs şikayətçidir. Odur ki, hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(074)- 92/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 21 avqust 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 25 iyun 2008-ci il təvəllüdlü X4, 25 noyabr 2009-cu il təvəllüdlü X3 və 24 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 13.10.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs dərhal icranı təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 13.10.2021-ci il tarixli № 6053/4 saylı bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 31.01.2022-ci il tarixli qərarın surətindən görünür ki, 19.05.1980-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən Zərərçəkmiş şəxs 21.10.2021-ci il tarixdə 150 manat, 06.12.2021-ci il tarixdə 200 manat, 22.12.2021-ci il tarixdə 200 manat, 29.12.2021-ci il tarixdə 100 manat, 03.02.2022-ci il tarixdə 270 manat, 24.02.2022-ci il tarixdə 300 manat məbləğində pul köçürməsi olmuşdur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə borcundan ödənişlər etmiş və sonuncu dəfə 24.02.2022-ci il tarixdə 300 manat ödəniş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar