Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-63/2022 02.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X5 barəsində Şamaxı rayon Polis Şöbəsinin İTB-nin rəisi X7 tərəfindən qəbul edilmiş 10 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon Polis Şöbəsinin İTB-nin rəisi X7 tərəfindən qəbul edilmiş 10 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4000(dörd min) manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati işə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 211.1-cı maddəsi ilə karantin qaydalarını pozduğuna görə MN ******* saylı 10.08.2021-cı il tarixli qərar tərtib edilmiş və icra olunması üçün Şamaxı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan onun xəbəri olmamış, polis ona həmin qərarın surətini təqdim etməmiş və ya poçt vasitəsi ilə göndərməmişdir. Şamaxı rayon İcra və Probasiya şöbəsindən və iş yerindən ona bildirmişlər ki, onun 4000 manat borcu var. O, Şamaxı rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 211.1cı maddəsi ilə karantin qaydalarına pozduğuna görə tərtib edilmiş MN ******* saylı 10.08.2021-cı il tarixli qərarı qərəzli və qanunsuz hesab edir. Belə ki, o sahibkar və ya hüquqi şəxs deyil o, fiziki şəxsdir. Onun vergi orqanlarında sahibkarlıqla məşğul olması barədə heç br sübut yoxdur və onun həmin qərardan xəbəri olmamış qərardakı imza onun deyildir. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun izahat verərək Şamaxı rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş 10 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, heç bir məclis təşkil etməmiş, onun vergi orqanlarında qeydiyyatı belə yoxdur. O, 06 avqust 2021-ci il tarixdə qohumunun dəvəti ilə toy məclisində iştirak etmiş və orada bir nəfərlə mübahisəsi olmuş, lakin həmin iş üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin vaxtı o, heç bir karantin rejimi qaydalarını pozmamışdır. Əvvəlki məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahat verib bildirdi ki, 06.08.2021-ci il tarixində Şamaxı rayonu, Dədəgünəş kəndi ərazisində yerləşən “Zirvə” restoranında icazəsiz toy məclisi təşkil etdiyinə görə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. X4 vəzifəli şəxs kimi protokol tərtib edilmiş, o, da protokola imza edərək protokolu qəbul etmişdir. Dəfələrlə ona cərimənin ödəməsi ilə bağlı zənglər edilmiş, lakin inzibati cəriməni ödəmədiyindən icrası üçün Şamaxı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. X3 vergi orqanlarında qeydiyyatda olmasını bilməsə də, ona məlumdur ki, Şamaxı rayonu, Dədəgünəş kəndi ərazisində yerləşən “Zirvə” restoranını X5 idarə edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, şikayətçini dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 10 avqust 2021-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 07.08.2021-ci il tarixində Şamaxı rayonu, Dədəgünəş kəndi ərazisində yerləşən “Zirvə” restoranında icazəsiz toy məclisi təşkil etdiyinə görə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin 28.02.2022-ci il tarixli arayışından görünür ki, X5 4 saylı Ərazi Vergilər İdarəsində 07.06.2018-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınmış və vergi orqanına təqdim etdiyi ərizəyə əsasən 14.06.2018-ci il tarixdən 14.06.2023-cü il tarixədək fəaliyyətini dayandırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Şamaxı rayonu üzrə 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 25.02.2022-ci il tarixli 273 nömrəli arayışından görünür ki, X5 həqiqətən 05.01.2016-cı il tarixdən hal-hazıra kimi 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Şamaxı rayonu üzrə təsərüfat qrupunda ekspeditor vəzifəsində işləyir. İş materiallarında olan şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 10.08.2021-ci il tarixli qərarının surətindən görünür ki, X3 əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət tərkibi olmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, fiziki şəxslər X3 və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şamaxı RPŞ-nin X2 göndərilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Şamaxı rayon Polis tərəfindən yoxlamanın aparılması və inzibati xəta haqqında protokolun tərtibi zaman inzibati orqanın vəzifəli şəxsləri tərəfindən inzibati qanunvericiliyin tələbləri pozulmuş, mühüm əhəmiyyət kəsb edən hallardan biri olan inzibati məsuliyyətə cəlb edilən şəxsin fiziki, vəzifəli və ya hüquqi şəxs olması halları hərtərəfli şəkildə araşdırılmamışdır. X5 06.08.2021-ci il tarixdə Şamaxı rayonu, Dədəgünəş kəndi ərazisində yerləşən “Zirvə” restoranında olsa da, o, qeyd olunan müəssisədə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində çalışmamış, eyni zamanda həmin müəssisənin sahibi olmamışdır. Bundan başqa şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 10.08.2021-ci il tarixli qərarda X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətlərinin olması göstərilsə də, həmin qərarda X3 əməlində həmin maddənin məhz hansı tərkib əlamətinin pozulması göstərilməmişdir. Bundan başqa həmin qərar 06.08.2021-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar qəbul edilsə də, inzibati xəta haqqında protokolda və inzibati xəta haqqında qərarda X3 07.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi göstərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 qaydalarını pozması məhkəmə iclasında öz təsdiqini tapmadığından, onun barəsində qəbul edilmiş şikayətdə göstərilən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şamaxı rayon Polis Şöbəsi tərəfindən X3 barəsində qəbul edilmiş 10 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-63/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-63/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver