Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-641/2024 09.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, müdafiəçi - vəkil X1, zərərçəkmiş şəxs X8 və Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1981-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Məlikçobanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, e- 2(060)-4310/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 306/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədləri üzrə ümumilikdə 3930 manat məbləğində aliment borcu yaranmış və icra sənədlərinin icrası ilə əlaqədar, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edilərək, əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 306/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2008-ci il təvəllüdlü Novruzlu Novruz Elhad oğlu və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2014-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq, tələbkar X3 verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-306/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü Novruzlu Novruz Elhad oğlu və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq, tələbkar X6 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4310/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, həmin məhkəmənin 2(060)-3601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü Novruzlu Novruz Elhad oğlu və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, borclu Şəxs hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar X6 ödənilməlidir. Qeyd olunan icra sənədləri üzrə İcraata başlamaq haqqında qərarlar qəbul qəbul edilmiş və borclu Şəxs tələblərin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin, borcluya icra sənədləri üzrə yaranmış borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, qeyd olunan icra sənədlərini tam icra etməmiş, onun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş və sonuncu dəfə onun barəsində axtarış elan edilmişdir. Şəxs izahatında himayəsində azyaşlı uşağının olmasını və həyat yoldaşının müalicə xərclərinin olmasını əsas gətirmişdir. Bu səbəbdən də, aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Bununla da, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədlərinin icrasından yayınmışdır. Hazırda həmin icra sənədləri bir icraatda birləşdirilmiş və borclu Şəxs icra sənədləri üzrə ümumilikdə 3930 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, o, icra sənədləri üzrə ondan tələb olunan aliment borcunun məbləği ilə razı deyildir. Belə ki, onun hesablamaları ilə, tələbkar X6 ümumilikdə 1396 manat borcu mövcuddur. Bununla belə, onun aliment borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. O, yenidən ailə qurmuş və həmin nikahdan 3 yaşında övladı var. Eyni zamanda, həyat yoldaşının xəstəliyi ilə əlaqədar müalicə xərclərini ödəyir. Aliment borcunu yalnız hissə-hissə ödəyə bilər. Odur ki, qərar qəbul edərkən, qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi – vəkil X1 Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək və həmin şəxsin əməlində inzibati xətanın tərkibinin olmamasını əsas gətirərək, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədləri üzrə Şəxs ümumilikdə 3930 manat məbləğində aliment borcu yaranmışdır. Belə ki, borclu Şəxs davamlı olaraq aliment üzrə ödənişlərini natamam şəklində etmişdir. O, icra sənədləri üzrə yaranmış borcun ödənilməsini tələb edir və borcun hissə-hissə ödənilməsini qəbul etmir. Borcunu ödəmədiyi təqdirdə, borclu Şəxs barəsində qanun çərçivəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarında olan İcraata başlamaq haqqında qərarlardan görünür ki, qeyd olunan icra sənədləri üzrə icra məmuru tərəfindən icraata başlanılmış və borclu Şəxs tələblərin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu - xx.xx.1981-ci il təvəllüdlü Şamaxı rayonu Məlikçobanlı kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icra məmurunun “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, e-2(060)-4310/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-306/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra, icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Eyni zamanda, həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və o, həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd olunur ki, “İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir”. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati qaydada həbs növündə cəza təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 16:40-dan hesablansın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-641/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-641/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver